Zəhərlənənlərin sayı 133 nəfərə çatdı

Rusiyada kafedə zəhərlənənlərin sayı gündən-günə artır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ulan-Udedə yerləşən "ŞulenDo" kafesində yemək yeyən 133 nəfər tibbi yardıma müraciət edib, onlardan 81 nəfəri hospitallaşdırılıb.

Bundan öncə 125 nəfərin təcili yardıma müraciət etdiyi, onlardan 76 nəfərin hospitallaşdırıldığı deyilirdi.

"Yanvarın 17-si səhər saatlarına qədər təcili yardıma müraciət edənlərdən 19 nəfəri uşaq olub. Ümumilikdə 81 nəfər hospitallaşdırılıb ki, onlardan da 15 nəfəri uşaq, 5 nəfəri isə hamilə qadın olub. Hazırda 52 nəfər ambulator müayinədədir" - deyə, Respublika Təbii Fəlakətlər Təbib Mərkəzinin məlumatında qeyd olunur.

Məlumata görə, indiyədək 45 nəfərdə salmonella xəstəliyi aşkarlanıb. Ulan-Udedə yerləşən infeksion xəstəliklərlə bağlı xəstəxanada 72 nəfər zəhərlənən müalicəsini davam etdirir. Digərləri isə başqa rayonların xəstəxanalarında müalicə olunurlar.

Tibbi məlumatlara görə, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir, 1 qadın isə reanimasiyadadır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, "ŞulenDo" kafesində kütləvi zəhərlənmə yanvarın 12-dən qeydə alınmağa başlanıb. Ziyarətçilər sözügedən kafedə 8-11 yanvar tarixlərində olublar. Hazırda kafenin fəaliyyəti dayandırılıb. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə