İcraiyyə Komitəsinin növbəti iclası keçirilib AFFA

Dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

SİA-nın məlumatına görə, iclasda müzakirələrdən sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd ilə müqaviləyə xitam verilib. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın Məşqçilər Komitəsinə və Texniki departamentə həvalə olunub.

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç ilə də müqavilə dayandırılıb. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.

İclasda “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunub. Həmçinin AFFA-nın “Fair Play” mükafatı təsis edilib və Əsasnaməsinin hazırlanması Baş katibliyə tapşırılıb. “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması da Baş katibliyə həvalə olunub. Bundan başqa, 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransının çağırılması, Assosiasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanaraq, həmin konfransın gündəliyinə çıxarılması qərara alınıb.

“Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanətinin aktivləşdirilməsi və məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılması qərarlaşdırılıb.

AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, Elbrus Abbasov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Novil İsmayılov, Vahid Abbasov, Çingiz Haşımov, Əbdülqəni Nurməmmədov, Tahir Əmiraslanov, Şakir Qəribov, Oqtay Abdullayev, Səməd Qurbanov və İsgəndər Cavadova təqaüd verilməsi qəbul edilib.

İclasda “Elit məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtüklü yeni məşq meydanı və “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı məlumat verilib. Həmçinin Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim edilib.

Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub. Hesabata əsasən, İcraiyyə Komitəsi dekabrın 13-də müvafiq qərarların qəbulu üçün İntizam Komitəsinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə