BOK Rusiyanın dopinq qalmaqalı barədə bəyanat yayıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) atletlər Komissiyası adları Rusiya idmanı ətrafında yaranmış dopinq qalmaqalına qarışmayan idmançıların hüquqlarının müdafiəsinə qalxıb. SİA-nın məlumatına görə, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.

Komissiyanın bəyanatında deyilir: “Biz Rusiya hakimiyyətinin dopinq qalmaqalını ört-basdır etmək cəhdlərini qətiyyətlə pisləyirik və Dünya Antidopinq Agentliyi (WADA) İcraiyyə Komitəsinin təqsirkarların, o cümlədən dövlət məmurları, idmançılar və idman təşkilatları nümayəndələrinin cəzalandırılmasına dair yekdilliklə qəbul olunmuş qərarını alqışlayırıq. Hesab edirik ki, dopinq qalmaqalı ilə heç bir əlaqəsi olmayan “təmiz” idmançıların hüquqları müdafiə olunmalı və sərt dopinq nəzarətindən keçmək şərti ilə onların idman karyerasının davam etməsinə imkan verilməlidir”.

Komissiyanın sədri Zimbabvedən olan ikiqat Olimpiya çempionu Kirsti Koventri, üzvlərindən biri isə ikiqat Olimpiya çempionu, rusiyalı Yelena İsinbayevadır.

Dekabrın 9-da WADA İcraiyyə Komitəsinin qərarı ilə Rusiya idmançıları dörd il müddətində bütün beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb. Həmin qərarla rusiyalı dövlət məmurlarının, Rusiya Olimpiya Komitəsi rəhbərliyinin də beynəlxalq yarışlara getməsi qadağan edilib. Rusiyanın Antidopinq Agentliyi (RUSADA), habelə Rusiya Olimpiya Komitəsi və beynəlxalq idman federasiyaları 21 gün müddətində İdman Arbitraj Məhkəməsində qərara dair apellyasiya şikayəti verə bilərlər.

Məlumat üçün bildirək ki, növbəti 4 il ərzində Rusiya neytral bayraqla Olimpiya Oyunları və Dünya Çempionatında iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə