Noyabrın 20-də 1 saylı idman liseyinin zalında badminton üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə əvvəlcə idmançıların paradı olub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Çempionatın baş hakimi Ceyhun Məmmədli bildirib ki, noyabrın 23-dək davam edəcək turnirə paytaxtla yanaşı, regionlardan da olmaqla rekord sayda – 90-dək idmançı iştirak edir. Bu, badmintonun ölkəmizdə uğurla inkişaf etdiyini göstərir. Bütün bunlar Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində mümkün olub.
Bakıdakı 1 saylı liseyin direktoru Əli Əliyev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev çıxışlarında çempionatda rekord sayda idmançının iştirakının ölkəmizdə bu idman növünün sürətli inkişafının bariz nümunəsi olduğunu vurğulayıblar.
Turnirdə Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Quba, Qusar və Lənkərandan 38 qadın və 58 kişi badmintonçu beş kateqoriya üzrə mübarizə aparır.
Yarışlar üç mərhələdə Olimpiya sistemi üzrə keçirilir. Bütün kateqoriyalar üzrə 1-3-cü yerləri tutacaq idmançılar Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyası tərəfindən təltif olunacaqlar.
Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun təbliğinə və kütləviliyinin artırılması, perspektivli badmintonçuların seçilməsi və beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə