Baş məşqçi: "Milli komandamız etimadı layiqincə doğrultdu" - AÇIQLAMA - FOTOLAR - VİDEO

"Milli komandamız mayın 16-dan 19-dək Macarıstanın Budapeşt şəhərində, 39 ölkədən 3040 idmançının qatıldığı kikboksinqin WAKO versiyası üzrə Dünya Kuboku yarışında etimadı layiqincə doğrultdu". Bunu SİA-ya açıqlamasında Azərbaycanın "Sərhədçi" kikboksinq klubunun baş məşqçisi, dünya çempionu, Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin zabiti Fuad Zeynalov deyib.

O, idmançılarımızın nəticələrini yüksək qiymətləndirib: "Kikboksçularımız Dünya Kubokunda 11 medal qazandılar. Gənclər, yeniyetmələr və kadetlərin yarışında Vüsal Kazımov, Amin Quliyev və Nicat Ələkbərli qızıl, Elşad Şahbazov, Elcan Alıkişiyev və Qəşəm Məmmədov gümüş medala layiq görüldü. Renat Qiyaslı, Elvin Məmmədov və Nihat Kərimov bürünc medala sahib oldu. Fəxri kürsüdə yer alan idmançılardan 4-ü “Sərhədçi” kikboksinq klubunun yetirməsidir".

F.Zeynalov bildirib ki, bu yarışda usta idmançılarımız da güclərini sınayıblar. O qeyd edib ki, Musa Abdullayev gümüş, Azərbaycanın ən titullu kikboksçusu Eduard Məmmədov isə qızıl medala layiq görülüb.

Xatırladaq ki, yığma komandamız Dünya Kuboku yarışından 4 qızıl, 4 gümüş və 3 bürünc medalla qayıdıb.

SİA baş məşqçinin bu haqda videomüsahibəsini də təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə