GİN-də polo, karate və cüdoçularla görüş keçirilib -VİDEO- FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycanın “Land of Fire” polo komandası, karate və cüdo üzrə milli komandamızın üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, Azərbaybaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, federasiyanın baş katibi Mirhəsən Seyidov, cüdo üzrə milli komandamızın böyük məşqçisi Elxan Məmmədov, məşqçi və idmançılar, media nümayəndələri iştirak ediblər.

Nazir müavini İ.İsmayılov İsveçrənin Sankt Morits şəhərindəki ənənəvi qış polosu üzrə Dünya Kubokunda “Land of Fire” komandasının 3-cü yer tutmasını, Fransanın paytaxtı Parisdəki Karate1 Premyer Liqa turnirində yığmamızın dünyada tanınmış üzvü Rafael Ağayevin (75 kq) gümüş medal qazanmasını və İsrailin paytaxtı Təl-Əvivdəki cüdo üzrə Qran-pri yarışında İrina Kinderzkanın (+78 kq) qızıl, Məmmədəli Mehdiyevin (90 kq) bürünc medala yiyələnməsini yüksək dəyərələndirib: "Land of Fire" komandasının kollektiv idman növündə uğur qazanmasını xüsusi qeyd edərdim. Bu uğurda federasiya rəhbərliyinin də rolunu vurğulamaq yerinə düşər.

Azərbaycanda cüdo növü inkişafdadır. Bu sahəyə göstərilən diqqət öz bəhrəsini verməkdədir. Bundan sonra da cüdoçularımızın daha böyük uğurlar əldə edəcəklərinə inanıram.

Karateçimiz R.Ağayevi də təbrik edirəm. Onun "Tokio 2020"də də sözünü deyəcəyinə əminəm. Sevindirici haldır ki, karate olimpiya oyunlarının proqramına daxil edilib.

“Qarşıdan "Minsk-2019" II Avropa Oyunları gəlir. Həmçinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayıb. Azərbaycanda idmana göstərilən diqqət və qayğı daim öz bəhrəsini verməkdədir. Təkcə may ayında ölkəmizdə 8 beynəlxalq yarış keçiriləcək. Bu da bizim idman ölkəsi olmağımızın bariz nümunəsidir".

ARAF-ın baş katibi B.Nəbiyev isə polo komandamızın bir neçə dəfə tarixi nəticələr qazandığını vurğulayıb: “İsveçrədə keçirilən yarış elit turnirdir. Bu yarış donmuş gölün üzərində baş tutur. Finala gedən yolda keçirilən görüşdə bir neçə idmançımız zədələndiyi üçün bürünc medal uğrunda mübarizə aparmalı olduq. Üçüncü yer uğrunda görüşdə 5:0 hesabı ilə qalib gəldik. İlk dəfə Qarabağ atları bu yarışda şou göstərdilər.

Qeyd edim ki, 2020-ci il Avropa çempionatı Azərbaycanda keçiriləcək. Sentyabr-oktyabr aylarına planlaşdırılan yarışda 8 komanda iştirak edəcək.

Ümid edirik ki, polo idman növü yenidən olimpiya oyunlarının proqramına qaytarılacaq".

Cüdo üzrə millinin böyük məşqçisi E.Məmmədov bildirib ki, Qran-pri ərəfəsində bir neçə idmançı problemlə üzləşib: "İlin ilk yarışı idi. Nəticəni uğurlu saymaq olar. Ancaq bundan da yaxşı nəticə gözləyirdik. Təəssüf ki, Orxan Səfərov, Hidayət Heydərov və Rüstəm Orucov yarış ərəfəsində xəstələndilər. Elmar Qasımov isə ilk görüşdə zədələndi. Bu da onların çıxışına mənfi təsir göstərdi. Sevindirici haldır ki, yığmaya Murad Fətiyev dəvət olunub. Onun olimpiadada iştirak edəcəyinə ümid edirik. Qrafikimiz çox sıxdır. Yaxın vaxtlarda Yaponiya və Fransada təlim-məşq toplanışlarımız olacaq".

Beşqat dünya və onikiqat Avropa çempionu Rafael Ağayev bütün idmançıların 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəflədiklərini vurğulayıb: "Məqsədimiz olimpiadaya lisenziya qazanmaq və orada da uğur əldə etməkdir. Parisdə çənəmdən zədə almışdım, 3 tikiş atdılar. Amma bu zədə bizi dayandıra bilməz. Yeni baş məşqçimizdən təkcə mən yox, hamımız razıyıq. Məşq prosesində hər şey çox gözəldir. Yarışda medal qazanandan sonra otelə qayıtdıq və hamımız birgə 45 dəqiqə qaçdıq. Bu, çox şeydən xəbər verir. Dizimdə və əlimdə böyük zədə var, əməliyyat olunmalıdır. Amma belə olsa, 3 ay yarışa qatılmayacaq və reytinqdə 1-ci yerdən 3-4-cü pilləyə enəcəyəm".

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Y.Bəşirov da bütün mükafatçıları təbrik edib: "Karatedə rəqabət artıb. Finalda məğlubiyyətə rəğmən, yaponlar da deyirlər ki, R.Ağayev məğlubedilməzdir və dünya karatesində iz qoyub. Onun olimpiadanın da qalibi olmasını istərdik. Çalışacağıq ki, ilboyu sözümüzü yarışlarda deyək".

O, Premyer Liqada final görüşü zamanı R.Ağayevə hakimlərin haqsızlıqlıq etdiklərini diqqətə çatdırıb: "Rafaelin zərbəsinə xal verilməli idi. Bunu beynəlxalq federasiyanın rəsmilərinə bildirəcəyik".

Karate üzrə milli komandanın böyük məşqçisi Qurban Tağıyev bu idman növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsinin önəmini vurğulayıb. O, olimpiadadan əvvəl "Minsk-2019" II Avropa Oyunlarına vəsiqə qazanmağa çalışacaqlarını deyib.

AMKF-in baş katibi M.Seyidov isə idmançıların "Tokio 2020"yə lisenziya xalları əldə etmələrini prioritet seçdiklərini bildirib. O, bu baxımdan 2019-cu ilin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...