Boksçumuz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb

Azərbaycan boksçusu Nurlan Səfərov (60 kq) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. SİA-nın məlumatına görə, boksçumuz üçüncü yer uğrunda görüşdə misirli Marvan Mamdu Məhəmmədə qalib gəlib.

Digər boksçumuz Nicat Həsənov (69 kq) isə bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.

Hazırda Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş və 3 bürünc medal var.

Azərbaycana ilk qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Digər çempionluq isə sərbəst güləşçimiz Turan Bayramovdan (65 kq) gəlib. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olublar.

Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışlarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...