Bakıda birinci dərəcəli məşqçilik kursları başlayıb - FOTOLAR

Bakıda Azərbaycan Gimnastika Federasiyasının yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə birinci dərəcəyə aid məşqçilik kursları start götürüb. SİA-nın məlumatına görə, həm nəzəriyyə, həm də təcrübə hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-in mütəxəssisləri Levit Andrey (Polşa) və Marqus Da Silva Franca Lourenso Adalberto (Portuqaliya) tərəfindən keçirilir.

Bununla bağlı mütəxəssis Andrey Levit deyib: “Təlimlərdə birinci səviyyəli məşqçi kursları keçirilir. Səkkiz gün ərzində təlimçilər nəzəri və praktiki məşğələlər keçdikdən sonra imtahan verəcəklər. FİQ bu kursları məşqçilərin yeni texnikanı bilməsi üçün hazırlayıb. Gənc məşqçilər və yaşlı nəsillər də təlim keçirlər. Məşqçilərin öyrənmək, yeni tendensiyaları bilmək istəkləri diqqətimi çəkdi. Azərbaycanda gimnastika yüksək səviyyədə inkişaf edir. Burada idmançılar üçün yeni məşq zalları, müasir idman avadanlıqları var. Azərbaycanda dünyanın ən yaxşı idman infrastrukturundan biri qurulub”.

Yanvarın 23-nə qədər davam edəcək kurslarda 10 yerli məşqçi ilə yanaşı, Misirdən gəlmiş üç məşqçi də iştirak edir. İmtahanlardan uğurla keçmiş nümayəndələr məşqçilik üzrə birinci beynəlxalq dərəcəyə yiyələnəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə