Bu gün AÇ-nin final mərhələsində növbəti oyunlar keçiriləcək

Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının yer aldığı “A” qrupunda Polşa və Macarıstan komandaları qarşılaşacaqlar. İlk turda Polşa Almaniyanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan voleybolçuları isə Macarıstana qalib gəliblər - 3:0.

“C” qrupunda ilk görüş Bolqarıstan və Ukrayna milliləri arasında olacaq. Günün sonuncu oyununda isə Türkiyə və Rusiya milliləri üz-üzə gələcəklər. Rusiya isə ilk turda Ukrayna ilə gərgin mübarizə şəraitində keçən oyundan qalib ayrılıb - 3:2.

Tbilisidə “B” qrupunda yer alan komandalar mübarizə aparacaqlar. Gürcüstan Xorvatiyanı, İtaliya isə Belarusu sınağa çəkəcək. İlk turda İtaliya komandası Gürcüstanı 3:0, Belarus yığması Xorvatiyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Göygöl Olimpiya İdman Kompleksində “D” qrupunun ikinci turunun matçları oynanılacaq. Çexiya komandası Belçika, Serbiya isə Hollandiya ilə qarşılaşacaq. İlk turda Serbiya Çexiyadan 3:0, Hollandiya Belçikadan 3:1 hesabı ilə üstün olub.

Azərbaycan yığma komandası çempionatda ikinci görüşünü sentyabrın 24-də Polşa milli komandasına qarşı keçirəcək. Milli komandamızın oyunu saat 18:00-da başlayacaq.

Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.

Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə