Taekvandoçularımız Qran-Pridə mübarizəyə başlayır

Mərakeşin paytaxtı Rabat şəhərində taekvando üzrə Qran-Pri turniri bü gün başlayacaq. Avqust ayında Moskva şəhərində startı verilən yarışın ikinci mərhələsi üç gün davam edəcək. SİA-nın məlumatına görə, G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcək.

Səkkiz taekvandoçu ilə təmsil olunacaq yığmanın əsas üzvlərindən -54 kq çəki dərəcəsində kişilər arasında Qaşım Maqomedov, Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi -68 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Radik İsaev (hər ikisi +80 kq), qadınlardan isə Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq.

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.

Qran-Pri turnirin sonrakı mərhələsi Böyük Britanıyanın paytaxtı London şəhərində, final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Əbidcanda təşkil ediləcək.

Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədov və eləcə də qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək komanda sentyabrın 25-də Vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə