Daha 4 “ASAN xidmət” mərkəzində Texniki Şura yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, Masallı, Quba, Bərdə və Mingəçevir rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsindən ibarətdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) SİA-ya bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə AERA, “ASAN xidmət” və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Bu günə kimi sahibkarların elektrik şəbəkəsinə qoşulması üçün 1 saylı Bakı “ASAN Kommunal”, 2 saylı Bakı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət”, Gəncə “ASAN xidmət”, Sabirabad “ASAN xidmət”, İmişli “ASAN xidmət” mərkəzlərində xidmətlər göstərilirdi. Bununla da Texniki şuraların sayı 10-a çatıb.

Qeyd edək ki, bu tədbirlər adıçəkilən Fərmana uyğun olaraq “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki şuraların formalaşdırılması haqqında Energetika naziri Pərviz Şahbazovun 2019-cu il 22 iyul tarixli əmri ilə təsdiq olunub. Həmçinin bu, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...