II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib

Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib. SİA-nın xəbərinə görə, iclasın moderatoru olan II Bakı Sammitinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov bildirib ki, adıçəkilən tədbirin keçirilməsi artıq ənənə halını almaqdadır.

Onun sözlərinə görə, torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə və işğal nəticəsində bir milyondan çox vətəndaşının məcburi köçkünə çevrilməsinə baxmayaraq, Azərbaycan özünün dini, irqi tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib.

Baş Nazirin müavini deyib ki, hazırda dünyada müxtəlif qəbildən olan müharibələrin, qarşıdurmaların sayı artmaqdadır: “Bu vəziyyət dini liderlərin qarşısında yeni vəzifələr qoyur. Hesab edirəm ki, Dünya dini liderlərinin Bakı Sammiti yer üzündə milyonlarla insanı narahat edən problemlərin müzakirə ediləcəyi bir platformaya çevrilir”.

Daha sonra çıxış edən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos bildirib ki, bu gün dini liderlər və dini qurumlar dünyada mühüm rola malikdirlər: “Heç kimə sirr deyil ki, din terrorçuların əlində alətə çevrilib. Bunun üçün də biz dini qurumlarla fəal əməkdaşlıq etməliyik. Dini liderlər münaqişələrin həllində öz sözlərini deməlidirlər. Eyni zamanda dini liderlər sülhün bərqərar edilməsi üçün çağırışlar etməlidirlər”.

Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş qeyd edib ki, terrorçuluğun din üzərindən təbliğatına qarşı mübarizə aparılmalıdır: “Biz dini liderlər bunun üçün müştərək işlər həyata keçirməliyik”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dünya dini liderlərinin II Bakı sammiti bir daha birgə yaşayışın nümayişi üçün növbəti imkandır: " Ölkəmizin siyasi tarixində dini inanc baxımından qarşıdurma və təqiblərlə bağlı utancverici səhifələr yoxdur. Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib2.

O deyib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, Şeyxülislam Allahşükür Paşazadənin bu istiqamətdə tutuduğu mövqe çox böyük əhəmiyyət kəsb edib: "Prezident İlham Əliyevin Şeyx həzrətlərinin 70 illik yubileyi və fəaliyyətinin 40 illi ilə bağlı sərəncamı onun bütün həyatı boyu milli həmrəyliyin bərqərar olunması istiqamətində səmərəli fəaliyyəti, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətinə verilən qiymətin göstəricisidir".

Plenar iclas çərçivəsində “Bəşəri çağırış” filmi nümayiş olunub.

Plenar iclas çıxışlarla başa çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...