Bayrağımızla bağlı təklifə böyük dəstək MÜNASİBƏT

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə cəmiyyətə çağırış edib. O, hər kəsi inzibati binalardan, evlərin önündən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa çağırıb.

SİA tanınmış elm və mədəniyət xadimlərinin bu çağırışla bağlı fikirlərini öyrənib.

Cavanşir Qurbanov, professor: “Bayraq milli kimliyimizdir, həyatımızın ən böyük, ən müqəddəs hissəsidir. Torpağıma sancılan bayrağın kölgəsi mənim məbədimdir. Mən Allahıma orada pərəstiş edəcəm. Mən bütün ölkələrin bayrağına hörmət edirəm. Amma sadəcə və sadəcə öz Azərbaycanımın bayrağını və əlbətdə ki, türk millətlərinin bayrağını göz bəbəyim qədər sevirəm. Bayrağımın hər dalğalandığı yer Vətəndir. Bu, çox gözəl təşəbbüsdür, bayrağımız daim dalğalanmalıdır, hər bir evdən asılmalıdır”.

Məmməd Əliyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru: “Mənim üçün bayraq çox müqəddəsdir. Bayraq ana kimidir. Hər kəsə öz bayrağı əzizdir. Ola bilər ki, kiminsə başqasının bayrağından xoşu gəlməsin. Amma öz bayrağını mütləq sevməlidir. Bayrağımız keçmişimiz, bu günümüz və gələcəyimizdir. Ona görə də bizim üçün müqəddəsdir. Hörmətli Raqif müəllimin təşəbbüsü möhtəşəmdir və sayqı ilə qarşılanmalıdır”.

Qafar Əsgərzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, filologiya üzrə fəlsəfə doktoru: “Təşəbbüsü alqışlayıram. Bayraq mənim üçün müstəqillikdir, milli kimliyimizə, etiqadı kimliyimizə qayıdışdır - özünə qayıdışdır. “Bayrağımız bizim baş ucalığımızdır. Bayrağımızın hər zaman başımız üstündə ucalması bizim fəxrimizdir. Mən bu bayram münasibəti ilə hər kəsi təbrik edirəm”.

Sənan Talıbov, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri: “Bayraq mənim üçün milli-mənəvi varlıq, bir ölkə kimi vətən adlı müqəddəsatımızın sərhədləridir. Bayraq hər bir ölkənin əsas atributlarındandır. Bayraqsız heç bir ölkə mövcud ola bilməz. Bayraq gününün rəsmi şəkildə qeyd olunmasını müsbət dəyərləndirirəm. O baxımdan ki, bu və bu kimi günlərin insanlara, xüsusən də gənclərə vətənpərvərlik hissinin aşılanması üçün fövqəl xeyri vardır. Bilirik ki, bayraq müqəddəsdir və dövlətin mühüm atributlarından hesab olunur. Odur ki, onu qorumalı və heç bir zaman onun düşmənin əlinə keçməsinə imkan verməməliyik".

Rasim Nəbioğlu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru: "Bu müstəqillik asanlıqla əldə olunmayıb. Üçrəngli bayrağımızın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünrəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Bayrağmız hər gün, hər yerdən asılmalıdır".

Həbib Mirzəyev, Azərbaycan Texniki Universitetin kafedra müdiri, filologiya elmləri doktoru: "Bu gün qürurla deyə bilirik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Raqif Abbasovun Dövlət Bayrağı Günü münasibətilə cəmiyyətə çağırışını da dəstəkləyirəm. Bayramınız mübarək!!!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...