Mənəvi Dəyərlərin Təbliği Fondu 2 yaşını qeyd etdi

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondu "Mənəvi dəyərlər və dövlət siyasəti" adlı konfrans keçirib. Eyni zamanda fondun 2 yaşı qeyd olunub. SİA-nın verdiyi məlumata görə, konfransın açılışından öncə Azərbaycanın Dövlət Himni səslərdirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında bildirib ki, bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasından artıq iki il keçir: “Mənəvi Dəyərlərin Təbliği Fondu 10 oktyabr 2017-ci ildə Prezident İlham Əliyevin 1624 nömrəli fərmanı ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Fondun əsas işi, fəaliyyət istiqaməti mənəvi dəyərlərin qorunması, inkişafı, bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi, din-dövlət münasibətləri sahəsində maarifləndirmə işinin aparılması kimi məsələlərdən ibarətdir".

Sonra söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya verilib. Mübariz Qurbanlı öz çıxışında keçirilən konfransın çox əhəmiyyətli olduğunu qeyd edib. Komitə sədri Mənəvi Dəyərlərin Təbliği Fondunun kollektifini, Himayəçilər Şurasının üzvlərini əlamətdar gün münasibətilə təbrik edib.

M.Qurbanlı qeyd edib ki, biz Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühim hadisələrdən biri kimi qeyd edirik: "Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılan bu Fond və onun qarşısına qoyulmuş vəzifələr Azərbaycanın indiki şəraitdə millət olaraq mənəviyyat sahəsində qarşısında duran vəzifələrin həlli istiqamətində atılan addımlardan biridir. Xalqımızın tarixi, mənəviyyatı, dini dəyərləri müxtəlif qurumlar tərəfindən öyrənilir, təbliğ olunur. Lakin belə bir ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ciddi ehtiyyac vardı və bu ehtiyyacı nəzərə alaraq vaxtında belə bir qərar qəbul edilib deyə vurğulayıb".

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxışında Fondun yaradılması ilə bağlı fikirlərini bildirib: "Fondun iki yaşı olmasına baxmayaraq çox böyük işlərə imza atıb. Əvvəla Fondun hansı zərurətdən yarandığını qeyd etmək lazımdır. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənəvi dəyərlərin inkişafına, mənəvi dəyərlərin qorunmasına, dini tolerantlığa, multikultural dəyərlərə hörmətlə yanaşır və ümumiyyətlə, dövlətin prioritet istiqamətlərindən biri də məhz bunları qorumaq, bu dəyərlərə hörmətlə yanaşmaq və gələcək nəsillərə ötürməkdir. Bu gün Azərbaycanın inkişafı onu da özündə ehtiva edir ki, dövlətin inkişafı ilə yanaşı, eyni zamanda cəmiyyət də inkişaf etsin. Və cəmiyyəti inkişaf etdirmək üçün müxtəlif qurumlar, fondlar yaradılır. Bu o deməkdir ki, dövlətin inkişafı özü ilə birgə cəmiyyətin də inkişafını stimullaşdırır".

Sonra Fondun Müşahidə Şurasının üzvləri və digər şəxslər çıxış ediblər.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatçılar sırasında SİA-nın əməkdaşı da olub.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...