Lənkəranda milli maraqların müdafiəsi mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən həyata keçrilən “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi və rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Lənkəran şəhər Gənclər Evində seminar təşkil edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi və idarə əməkdaşları, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsinin şöbəsi üzrə nümayəndəsi, Lənkəran Dövlət Universiteti, Lənkəran Tibb Kolleci və Lənkəran Peşə Liseyinin tələbə heyəti, və digər ictimai fəal olan gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, ölkədə və regionlarda həyata keçirilən dövlət gənclər siyasəti Lənkəranda da uğurla həyata keçirilməkdədir. Natiq həmçinin mövcud layihənin də olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırıb. Daha sonra çıxış edən “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında söz açıb.

Daha sonra layihə eksperti, Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Tədbirdə iştirak edən DQİK Lənkəran bölgəsi şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək bu gün ölkədə mövcud olan dövlət-din münasibətlərindən, eləcə də sosial şəbəkələrdə dini radikalizmi təbliğ edən paylaşım və çağırışlar haqqında geniş şəkildə məlumat verib.

Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti silsilə tədbirlər Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...