"İntihar xəbərlərinin KİV-də yayılması insanlarınn psixologiyasına mənfi təsir göstərir"

İntiharlarla bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və kütləvi informasiya vasitələrində yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir. SİA-nın verdiyi məlumata görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında deyib.

Baş Prokurorluğun intihar hadisələrinin ictimailəşdirilməsinin qəti əleyhinə olduğunu vurğulayan E.Sultanov bildirib: “Xüsusi qeyd etməliyəm ki, intihar hallarını araşdıran nüfuzlu beynəlxalq təşkilatların qənaətinə görə, bir sıra hallarda kütləvi informasiya vasitələrində intihar faktlarının sensasiya kimi təqdim edilərək qabarıq şəkildə işıqlandırılması, bu hadisələrin törədilmə üsullarının detallarının ətraflı təsvir olunması, habelə özünə qəsd etmənin insanların düşdükləri çətin vəziyyətdən yeganə çıxış yolu kimi təqdim edilməsi müəyyən səbəblərə görə özünü öldürməyə meyilli olan şəxslərdə bununla bağlı qətiyyətin formalaşmasına gətirib çıxarır və onların belə əməllər törətmələrinə təkan verir”.

İntihar hadisələrinin səbəblərinə toxunan Baş Prokurorluğun rəsmisi bildirib ki, onlar müxtəlifdir. Hadisələrin baş vermə səbəbləri təhlil edilərkən, onların əsasən ailə münaqişələri zəminində, psixi və sair xəstəliklərlə əlaqədar, ailə üzvlərinin və yaxın qohumlarının ölümündən sonra insanların tənha yaşamaları və bu hadisələrin təsirindən yaranmış kədər hissləri, uğursuz sevgi münasibətləri, narkotik vasitələrdən və spirtli içkilərdən sui-istifadə halları ilə bağlı törədilməsi müəyyən edilib. “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək də qətiyyən düzgün deyil. Belə ki, Norveçin adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmır”, - deyə E.Sultanov qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, həmçinin bildirib ki, Azərbaycanda hər 100 min nəfərə düşən intihar hadisələrinin sayı Avropa və MDB ölkələri ilə müqayisədə azlıq təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə dərc etdiyi (2000-2016-cı illər üzrə) məlumatlara əsasən Avropa dövlətlərində əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı Litvada 31,9, Rusiyada 31, Belarusda 26,2, Norveçdə 12,2 və sair olduğu halda Azərbaycanda 2,6 nəfər təşkil edib.

Azərbaycanda intihar hadisələrinin artım tempinə gəldikdə, E.Sultanov qeyd edib ki, bu artım cüzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...