“Qadın və uşaq hüquqları media müstəvisində” KONFRANS

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Milli Mətbuat Gününə həsr olunmuş “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova milli mətbuatın yaranması münasibətilə jurnalistləri təbrik edib. O bildirib ki, mətbuat xalqa məxsusdur.

Ona görə də mətbuatın yaranması günü təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan milli mətbuatının yaranması görkəmli maarifçi, publisist və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Müstəqilliyimiz bərpa olunandan sonra ulu öndər Heydər Əliyevin Sərəncamı ilə hər il iyulun 22-si milli mətbuatın yaranması günü kimi qeyd olunur.

Vurğulanıb ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlidir. Digər sahələr olduğu kimi, bu istiqamət də Prezident İlham Əliyev daim diqqət mərkəzindədir. On il bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bunu bir daha sübut edir.

Komitə sədri ölkəmizdə ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində media qurumları ilə birgə işin aparılmasının çox səmərəli nəticələr verdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov deyib ki, 144 il bundan əvvəl “Əkinçi” qəzetinin nəşri ilə böyük hadisə baş verib. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə öz əsərlərində dünyanı qaranlıq təsvir edirdi. Bununla o, cəhaləti, xurafatı nəzərdə tuturdu. Bu dövrdə “Əkinçi” qəzetinin nəşr olunması sanki qaranlıqda yanan bir fənər oldu. Qısa zamanda bu fənərin işığı bütün Qafqazı, hətta türk dünyasını bürüdü. Bu qəzetin nəşri ilə nəinki Azərbaycan mətbuatı yarandı, ümumiyyətlə, Çar Rusiyasında, xüsusən Qafqazda və İslam dünyasında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanda Şərqdə ilk demokratik cümhuriyyətin qurulması, ilk opera və baletin yaranması, qadınlara səsvermə hüququnun verilməsi məhz “Əkinçi” qəzetinin başlatdığı cərəyan, maarifçi dalğası idi.

Bildirilib ki, Azərbaycan mətbuatını dörd dövrə bölmək olar - cümhuriyyətə qədər, cümhuriyyət dövrü, sovet və müstəqillik dövrləri. Hər dövrün özünəməxsus xüsusiyyətləri, inkişaf mərhələləri var. Azərbaycan mətbuatı müstəqillik dövründə özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Bu da birbaşa Azərbaycan dövlətinin mətbuata göstərdiyi qayğı sayəsində mümkün oldu. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən senzura ləğv edildi ki, bu da Azərbaycan mediasının yeni bir müstəviyə qədəm qoymasına yol açdı. Ümummilli Liderin ölkəmizdə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2017-ci ildə kütləvi informasiya vasitələri nümayəndələrinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, jurnalistlər onun dostlarıdır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın tarixindən danışaraq bildirib ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq bu günədək milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. O vurğulayıb ki, bu gün Azərbaycan ailə modeli dünyaya örnəkdir və bu reallıq mütləq mətbuat səhifələrinə çıxarılmalıdır.

Nazirlər Kabinetinin Aparatının Humanitar və sosial məsələlər şöbəsinin məsul əməkdaşı Abid Tahirli deyib ki, “Əkinçi” qəzeti yarananda Azərbaycan cəmiyyəti cəhalət, zülmət şəraitində idi. Həsən bəy Zərdabi “oyanmaq vaxtıdır, mədəniyyətə, maarifə, təhsilə yiyələnmək vaxtıdır” dedi. Onun səsinə, “Əkinçi”nin harayına ziyalılar səs verdilər. Bunun bəhrəsini qısa bir zamanda cəmiyyət gördü. Belə bir şəraitdə bu qəzet tarixin səhnəsinə çıxdı və yol göstərdi. Həmin yol uğurlu yol oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın tarixi haqqında danışıb. O, müstəqilliyimizin bərpasından sonrakı dövrdə mətbuatın vəziyyətindən bəhs edərək deyib ki, 1991-ci ildə müstəqillik elan olunsa da, senzura hələ mövcud idi, söz azadlığı yox idi. Ulu öndər Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. 1995-ci ildə Konstitusiyamızda milli mətbuat azadlığı təsbit olundu. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

Azərbaycan mətbuatının ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan icraçı direktor Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın təsdiq edildiyini və konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib. Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı layihələr barədə məlumat verib.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, media dövlətin informasiya siyasətini həyata keçirir. Media həm də maarifləndirmə siyasətini həyata keçirməlidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə söz və fikir azadlığı təmin olundu, geniş üfüqlər açıldı. Azərbaycan mediası bunu yüksək qiymətləndirdi və ulu öndər Heydər Əliyevi özünün dostu elan etdi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və o da Azərbaycan jurnalistlərinin dostu elan olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın çağdaş mətbuatı bütövlükdə varislik ənənəsi etibarilə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin davamçısıdır. “Əkinçi” qısa ömür yaşasa da, onun ideyalarını milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə beyin mərkəzlərindən biri olan “Kaspi” qəzeti reallaşdırıb.

Baki Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli deyib ki, Azərbaycan xalqının inkişaf tarixində medianın özünəməxsus yeri var. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, medianın da inkişafı göz önündədir.

Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova Şuranın Azərbaycanda gender bərabərliyi və media azadlığı ilə bağlı həyata keçirdiyi layihələr haqqında danışıb.

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2019-cu ilin monitorinqinin nəticələrinə əsasən mükafatlandırılma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...