"Yarışların ölkəmizdə keçirilməsi böyük nailiyyətdir" ÖZƏL-MÜNASİBƏT

"Qitənin idman həyatı üçün ən əlamətdar hadisələrdən biri XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürur vericidir. Bu cür beynəlxalq oyunların ölkəmizdə keçirilməsi Avropa ölkələrinin Azərbaycana olan inam və etibarıdır. Bu yarışlara 48 ölkənin 3600-dən çox gənclərin iştirakı gözlənilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda keçirilən beynəlxalq yarışların keçirilməsi üçün möhtərəm Prezidentimizin sərəncamı ilə təşkilat komitəsi yaradılır: "Bu yarışların yüksək səviyyədə keçirilməsi təmin olunur. Son vaxtlar Bakı-2015 I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının ölkəmizin möhtəşəm idman arenalarında keçirilməsi zamanı xarici ölkələrin mütəxəssisləri heyranlıqlarını gizlədə bilmədilər. Bu barədə müxtəlif KİV-də çıxış etdilər və Bakı təcrübəsindən yararlanacaqlarını bildirdilər. Avropa Gənclər Olimpiya Festivalında gənclərimiz fəal iştirak etməklə ölkəmizin himnini oxudacaq, bayrağımızı ucaldacaqlar. Bu yarışların ölkəmizdə keçirilməsi ölkəmiz üçün böyük nailiyyətdir. Avropa ölkə idmançıları ölkəmizin Avropada təbliğatçısına çevriləcək, yeni münasibətlər yaranacaq, yenidən öz dostları ilə Azərbaycana gəlmələrinə səy göstərəcəklər. Gənc idmançılarımıza uğurlar diləyirik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...