Düşmən atəşkəsi pozub, DSX rəisi hadisə yerindədir

Bu gün saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. SİA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla verdiyi məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...