"ASAN Məktub” layihəsi uğurla davam etdirilir

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə ASAN Xidmət Mərkəzinin könüllüləri ilə birlikdə “ASAN Məktub” layihəsi aztəminatlı köçkün və sərhədəyaxın ərazilərdə yaşayan sakinlərin uşaqları ilə milli bayramımız Novruz bayramı ərəfəsində uğurla həyata keçirib. SİA-nın xəbərinə görə, “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində bu dəfə aztəminatlı, çoxuşaqlı ailələrdən olan, tək valideynli 4-14 yaşlı 105 nəfər uşağa məktub yazdırılıb.

“ASAN Məktub”layihəsində iştirak edən hər bir uşağın uşaqlıq arzuları var. Kimisi müharibəsiz sakit bir dünyada öz ailəsi ilə yaşamaq, kimisi rəngli işıqları olan velosiped sürmək, kimisi uzun qara saçlı, qırmızı donlu gəlinciklə oynamaq, kimisi “hörümçək adam”ın paltarını geymək və yaşıdlarına kömək etmək, kimisi idman paltarı geyib döyüşmək və qalib gəlmək arzusunda olur. Bəzən kimsəsiz olduğundan, bəzən ailənin maddi imkanından asılı olaraq uşaqların hamısının arzuları reallaşmır, gerçəkləşmir və uşaqlıq arzusu olaraq qalır. Uşaqların arzularının həyata keçirilməsinə dəstək vermək, onlara sevinc bəxş etmək hər bir insanın mənəvi borcudur.

Martın 18-də Azərbaycanın qədim milli bayramı olan Novruz bayramı ərəfəsində uşaqlara sevinc yaşatmaq, onların çöhrəsinə sevinc, üzlərinin gülməsinə səbəb olmaq üçün 60 nəfərə yaxın cəbhəyanı ərazilərində yaşayan, köçkün və aztəminatlı ailələrdən olan balacaların bir müddət əvvəl öz istəkləri ilə yazdıqları məktublar xeyriyyəçi vətəndaşlar tərəfindən öhdəçiliyə götürülmüş və alınmış hədiyyələr "ASAN Məktub" komandası tərəfindən Bərdə şəhərində təşkil edilmiş bayram şənliyində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə kiçik sahiblərinə çatdırılıb.

Layihədən bəhrələnən uşaqlar və onların valideynləri hədiyyələrə xüsusilə uşaqlara sevinc hissi yaşatdıqlarına görə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...