“Gənc əsgər” hərbi hazırlıq layihəsinin təqdimatı olub FOTOLAR

Sabunçu Gənclər Evində “Gənc əsgər” hərbi hazırlıq layihəsinin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, layihə “Legion” hərbi vətənpərvərlər klubu ilə əməkdaşlıq çərçivəsində Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili Fazil Mustafa, təşkilatçı qurumların rəhbər heyəti, Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri professor Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, dünya çempionu Eldəniz Əzizli, aprel qazisi zabit Əhliyət Mehtiyev və 100-ə yaxın gənc iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və 17 fevral Qaradağlı faciəsinin şəhidləri üçün 1 dəqiqəlik sükutla başlayıb.

Tədbir, rəsmi çıxışlardan sonra “Gənc Əsgər” layihəsinin təqdimatı ilə davam edib. Təqdimatda layihənin təsviri haqqında ətraflı məlumat verilib.

Belə ki, layihənin proqramı 2 aylıq bir zaman kəsiyini əhatə etməklə, müxtəlif fiziki, intellektual, psixoloji, ideoloji təlim və seminarlardan, hərbi hissələrə, muzeylərə və sərgilərə ekskursiya, hərbi və intellektual yarışlardan ibarətdir. Seçilmiş 25 iştirakçı 2 ay müddətində proqram əsasında fəaliyyətlərə cəlb olunacaq.

Daha sonra layihədə iştirak etmək istəyən gənclər müraciət edib.

Qeyd edək ki, iştirak etmək istəyən gənclər Sabunçu Gənclər Evi səhifəsində onlayn qeydiyyatdan keçə bilər. Müraciət nəticəsində müsahibəylə 25 nəfər gənc seçiləcək və “Gənc Əsgər” hərbi hazırlıq layihəsinin iştirakçısı olacaqlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə