ETS naziri Hacıqabul şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən dekabrın 21-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Əslan Səmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...