"Hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq" MÜNASİBƏT-ÖZƏL

“Dünyada gedən proseslərə rəğmən ölkəmizdə sosial inkişaf davam etməkdədir. Müəyyən zamanlarda ölkəmizdə digər sahələrə ayrılan vəsait azalsa da, sosial sahəyə ayrılan vəsait heç zaman azalmayıb, əksinə bu istiqamətə ayrılan maliyyə intensiv olaraq artmaqdadır. Digər büdcələr kimi 2019-cu ilin büdcəsi də əhalinin güzəranının yaxşılaşmasına yönəlib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Növbəti ilin dövlət büdcəsində sosial sahəyə ayrılan xərclərin artdığını deyən komitə sədri söyləyib ki, büdcədə nəzərdə tutulan sığorta sistemində yeniliklər, bəzi əmək haqlarında sosial sığortanın təsiri, vergi islahatları məşğulluğun təmin olunması, qeyri-leqal məşğulluğun leqallaşmasına şərait yaradacaq: “Gələn il üçün büdcədən sosial sahələrə 8 milyarddan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir”.

H. Rəcəbli deyib ki, büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq: “Büdcədə nəzərdə tutulan sosial xərclər sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək”.

Prezident İlham Əliyevin sosial müdafiə sistemi üçün ortaya qoyduğu əsas məsələlərin proqramlarla idarəetmə, regional inkişaf, qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyalarının olduğunu xüsusi vurğulayan komitə sədri qeyd edib ki, sadalanan əsas amillər 2019-cu ilin büdcəsində öz əksini tapıb.

H. Rəcəbli büdcə layihəsində yeniliklərin də nəzərə alındığını dilə gətirib: “Yeniliklərdən ən mühümü sosial müdafiə sistemində yeni institutun formalaşmasıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə aparılan ən ciddi islahatlardan biri DOST mərkəzlərinin yaradılmasıdır. Bu, ASAN brendinin davamıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə