Tətil günlərini necə keçirməli? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb. SİA-nın xəbərinə görə, tətil noyabrın 21-nə kimi davam edəcək.

Tətil günləri bütün məktəblilər, amma ən əsası isə balacaların sevincinə səbəb olur. Təbii ki, tətil günlərinin səmərəli keçirilməsi üçün valideynlərin rolu böyükdür. Uşaqlar tətil günlərində nə etməli və bu günləri necə keçirməlidirlər?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, tətil günləri uşaqlara psixologiyalarının müəyyən müddətə qədər dincəlməsi üçün ayrılır.

Onun sözlərinə görə, tətil günlərində uşaqlar gündəlik etdiklərindən uzaqlaşmalıdırlar: “Əgər uşaqlar dərs günlərində məktəbə getmək üçün tez oyanmaq məcburiyyətində qalırsa, tətil günlərində bunun etməyə bilərlər. Tətil günlərində ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqların tətil günlərində yetərincə istirahətini təşkil etməyə çalışmalıdırlar. Təbii ki tətil günlərində dərsə də vaxt ayrılmalıdır. Amma bu 1 saatdan artıq olmaya bilər. Tətil müddətində valideynlər uşaqların daha rahat, azad, sərbəst hərəkət etmələri üçün şərait yaratmalıdırlar”.

Psixoloq vurğulayıb ki, tətil müddətində uşaqların təmiz havada daha çox olması məsləhət görüləndir: “Uşaqların daha çox açıq havada olub, müxtəlif gəzintilərdə iştirak etmələri məsləhətlidir. Hətta bu günlər ərzində hər hansı bir idman növü ilə də məşğul olmaq olar. Misal üçün üzgüçülük, gimnastika uşaqlarda qan dövranının yaxşılaşdırılmasına xidmət edir. Uşaqların tətil günlərində bu idman növləri ilə məşğul olması, onların özlərini daha yaxşı hiss etməsi, dərslərinin tez qavranmasına müsbət təsiri ola bilər”.

E.Eminova söyləyib ki, tətilin maraqlı və səmərəli təşkili uşaqların dərs günlərinə daha enerjili olmasına kömək edir: "Valideynlərin tətil günlərində psixoloji hazır olması əsas şərtlərdəndir. Uşaqlar tətil günlərində normal olaraq 8 saat yatmalı, düzgün qidalanmalı, daha çox ünsiyyətdə olmalıdırlar. Bir sözlər, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs günlərinə həvəslə hazırlaşırlar”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə