“Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” KONFRANS

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə ilə “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxslərinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin proritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. Vurğulayıb ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.

S.Salahlı diqqətə çatdırıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür. Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradıldığını bildirən Dövlət Komitəsi sədrinin birinci müavini tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğunu deyib. Əlavə edib ki, Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış ediblər.

Konfrans Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və onun daha da möhkəmləndirilməsi, eyni zamanda bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə fikir mübadiləsi ilə yekunlaşıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə