“Media və mənəvi dəyərlər”

Tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Hər birimiz xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Azərbaycan xalqı milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə aparmalıdır. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.

Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarları vardı. İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Media sahəsində çalışan əməkdaşlarımız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürməlidir. Bu gün xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar. Hər bir jurnalist xalqın övladıdır, mətbuatımız da azərbaycançılığımıza xidmət etməlidir və çalışdığı məqamdan asılı olmayaraq xalqımızın müqəddəs dəyərlərini əziz tutmalı, mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır. Əfsuslar olsun ki, bəzi televiziyalar milli- mənəviyyatımıza xas olmayan eybəcərlik dolu verilişlə, reklamlar və kinofilmlər nümayiş olunur. Bu cür zorakı filmlərin nümayişi, əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizə əxlaqi dəyərlərimizə mənfi təsir göstərir. Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ümummilli Lider Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulamışdı: "Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır". O həmçinin deyirdi: "Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Unutmayaq ki, Ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.

Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daima milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşmış və ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirmişdi. Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir.

Prezidenti İlham Əliyev Hacı Cavad məscidinin açılışında qeyd etmişdir: “Dini dəyərlər bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dünyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik. Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir”.

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, böyük şəxsiyyətləri, siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib : “Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür. Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb. Qərb ölkələri öz mədəniyyətlərini süni şəkildə digər dövlətlərə aşılamaq istəyir. Bütün bunlar da bizim ölkənin milli dəyərlərin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız özünün dəyərlərini qoruyub saxlamaq instiktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar”.

Milli-mənəvi dəyərlərimiz bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov vurğulayıb: “Milli-mənəvi dəyərlərimiz bizi biz edən, bizim bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Bir xalqın və ya bir ölkənin digər xalqlar və ölkələr arasındakı yeri həm də onun milli-mənəvi dəyərləri ilə ölçülür. Xalqımız zəngin dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliği əlbəttə ki, çox mühüm məsələdir. Hər şeydən əvvəl bu bizim milli kimliyimiz, varlığımız və mədəniyyətimizlə bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.

Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır, mənəvi təmizlik və büllurluqdur, halallıq və gözütoxluqdur, xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adi vicdan dayanır. Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi sevgi mənəvi keyfiyyətlərini şərtləndirən bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Taleyin sərt üzündən əsrlər boyu müxtəlif sarsıntılara, ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısı İlham Əliyevin də daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.

Xalq tərəfindən yaradılan hər bir adət və ənənə uzunömürlü olub. İnsanlar hər şeydən əvvəl xalq tərəfindən keçirilən mərasimlərin təbiiliyinə inanıb. Çünki milli adət və ənənələrdə simvolik elementlər geniş yer tutur. İnsan mənəviyyatına çevrilən amillər isə tərbiyə sistemində xüsusi əhəmiyyət kəsb edir.

Mamed Bağırov

Məqalə Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu” layihəsi çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə