Saxlanma Məntəqəsi əsaslı təmirdən sonra istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin əsaslı şəkildə təmir edilmiş binasının və yeni tikilmiş korpusunun açılış mərasimi keçirilib. Mərasimdə daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Oruc Zalov bu münasibətlə məntəqənin əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

O qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim ölkə və DİN rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır. Tədbir iştirakçılarına məlumat verilib ki, məntəqədə yenidənqurma işlərindən əvvəl cəmi 17 kamera mövcud olub. Təmir işlərindən sonra kameraların sayı 46-ya çatdırılıb. Məntəqədə eyni vaxtda 232 şəxsin saxlanılması üçün hər cür şərait yaradılıb.

İnzibati həbs olunanların saxlanıldığı kameralar Avropa İnsan Haqları Konvensiyasının tələblərinə uyğun olaraq yüksək səviyyədə təmir edilib. Burada yeni havalandırma sistemi quraşdırılıb, dustaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kameraların hər biri televizorla təmin edilib. Eləcə də kameralardakı şəxslərin daim müşahidə altında saxlanılmasını təmin etmək məqsədilə yeni operator otağı da yaradılıb. Saxlanılan şəxslərin qidalanmasını keyfiyyətli şəkildə təmin etmək üçün yeni mətbəx otağı tikilərək istifadəyə verilib.

Həmçinin binada mərkəzləşdirilmiş istilik, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, ərazidə abadlıq işləri görülüb. İnzibati həbs olunan şəxslərin yaxın qohumları ilə görüşünü təşkil etmək məqsədilə məntəqədə 6 görüş otağı tikilərək istifadəyə verilib. Məntəqədə xidmət aparan polis əməkdaşlarının iş şəraiti yaxşılaşdırılıb, yeni xidməti və sinif otaqları, istirahət guşələri, eləcə də şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün idman zalı tikilib.

Sonra mərasim iştirakçıları binada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendə baxıblar. Onlar, həmçinin xidməti otaqlarda, inzibati həbs olunanların saxlanıldığı kameralarda yaradılan şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...