“Dini mərasimlər: ənənəvilik və müasirlik” adlı seminar-müşavirə keçirilib Suraxanıda

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Komitədən SİA-ya bildiriblər ki, tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. İ.Abbasov, eyni zamanda, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən də bəhs edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslam dini cəmiyyətin inkişafında mütərəqqi rol oynayır, eləcə də dinimiz bizim mənəvi tərbiyəmizə və ruhumuza təsir edir. Ulu öndər Heydər Əliyevin “Dinimiz milli-mənəvi sərvətimizdir” fikrini xatırladan Komitə sədri vurğulayıb ki, xalqımız hər zaman öz milli-mənəvi, o cümlədən dini dəyərlərinə sadiqlik nümayiş etdirir.

İslam dininin elmin, mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdıran M.Qurbanlı dinimizin xurafata, dini radikalizmə qarşı olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və digərləri çıxışlarında qeyd ediblər ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da Aşura mərasimləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...