AMEA Naxçıvan Bölməsində iki monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxan-Yenisey yazılı abidələrində felin təsriflənməyən formaları” və Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyalarının təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yeni nəşrlərin elmi dəyərindən bəhs edib. Bildirib ki, Azərbaycan dilçilik elminin inkişafında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qədim türk yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Onun orta əsrlərdəki türk dilləri və abidələri, eyni zamanda Naxçıvan dialekt və şivələrinin tədqiqinə dair onlarla sanballı elmi əsərləri, o cümlədən yeni monoqrafiyası dilçilik elmimizin dəyərli nümunələridir.

Daha sonra akademik “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyanın yazılmasının əhəmiyyətindən, müasir dövr üçün aktuallığından söhbət açaraq yeni nəşri tədqiqatçı alimin son illərdə apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsi kimi dəyərləndirib.

İsmayıl Hacıyev hər iki müəllifə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Orxan-Yenisey abidələrində felin təsriflənməyən formalarının tədqiqi məsələləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, rus dilində Almaniyada işıq üzü görən nəşrdə qədim türk yazılı abidələrindəki felin təsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən, abidələrdəki feli sifət şəkilçiləri, onların etimologiya, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətlərindən əhatəli bəhs olunur. Abidələrindəki feli bağlama və feli sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilir.

Daha sonra “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyası haqqında AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunan yeni nəşrdə Naxçıvanın dialekt və şivələrin, zəngin dil faktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhlili verildiyini, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlər ətraflı araşdırıldığını diqqətə çatdırıb. Dilçi alim bildirib ki, tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti üçün xüsusilə faydalıdır.

Tədbirdə Onomastika şöbəsinin böyük laborantı Aysel Eminova və şöbənin kiçik elmi işçisi Cəmilə Məhərrəmova mövzu ətrafında çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki monoqrafiyanın dəyərli nəşrlə yanaşı gələcək tədqiqatçılar üçün də əvəzolunmaz bir material olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə