Dövlət Reklam Agentliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Agentliyin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov Xocalı faciəsinin tarixboyu dinc əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, əsrin dəhşətli hadisəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil: “Ümummilli lider Heydər Əliyev baş verən bu amansız soyqırımın əsl mahiyyətini vurğulayaraq, ona lazımi qiymət verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis soyqırımına siyasi-hüquqi status verib və 26 fevral “Xocalı soyqırımı günü” elan edilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması sahəsində məqsədyönlü fəaliyyət həyata keçirilir. Xocalı soyqırımının qurbanlarının xatirəsi əziz tutulur, ölkə başçısı İlham Əliyev tərəfindən faciə iştirakçılarının ailələrinə layiqincə diqqət göstərilir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə faciənin Azərbaycan tarixinə qanlı səhifə kimi həkk olunduğunu söyləyib.

Sonda Xocalı soyqırımı qurbanlarına həsr olunan sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə