Nazir müavini İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb - FOTOLAR

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Saudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak etməkdir.

Yanvarın 8-9-da keçirilən iclas zamanı nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda, İ. Babayev tərəfindən "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası" na dair məruzə də təqdim edilib.

Səfəri çərçivəsində nazir müavini 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransına hazırlıq məqsədi ilə İƏT Baş Katibliyi, İslam Konfransı Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndələri ilə görüş keçirib və fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə