Azərbaycanın Biləsuvar rayonunda təşkil olunmuş əmək yarmarkası 70-dən çox iş axtaran qadını və 20 yerli şirkəti bir araya gətirib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından SİA-ya verilən məlumata görə, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi işsiz qadınları təhsil və bacarıqlarına əsasən işəgötürən şirkətlərlə görüşdürmək olub. Bir başqa məqsəd isə iş axtaran yerli qadınlara iş tapmaqda kömək etmək və onların iqtisadi hüquqlarını daha fəal şəkildə həyata keçirmək idi. Əmək yarmarkası gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi layihəsi çərçivəsində həyata keçirilib. Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) maliyyələşdirdiyi layihəni BMTİP, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və yerli vətəndaş cəmiyyəti təşkilatı olan Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) birgə icra edirlər. Biləsuvar, Sabirabad və Neftçala rayonlarında həyata keçiriən layihənin məqsədi qadın hüquqlarının və qadınların vətəndaş cəmiyyəti təşkilatlarında iştirakının təşviqində vətəndaş cəmiyyətinin rolunun artırmaqdır. Əmək Yarmarkasından əvvəl iş axtaran qadınlar CV yazmaq, təqdimat bacarığı və iş müsahibəsinə hazırlıq üzrə təlim kurslarında fəal iştirak ediblər. Həmçinin, qadınlar BMTİP tərəfindən təşkil olunmuş kompüter və mühasibatlıq kurslarında iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə