Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, “Uşaq hüquqları aylığı” çərçivəsində A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyasında təşkil olunan tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 1 saylı region (Bakı şəhərinin Xəzər və Sabunçu rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Xəzər rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, rayondakı bir sıra məktəblərin direktorları, qeyd olunan Gimnaziyanın rəhbər şəxsləri, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, ötən dövrdə Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Həmçinin Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formaları haqqında” Konvensiya və Tövsiyələri ratifikasiya edilib. Bu gün ölkəmiz uşaqlarla bağlı mütərəqqi dünya təcrübəsinə uyğun qanunveriiclik bazasına malikdir. Eyni zamanda, milli qanunvericilik uşaq əməyinə münasibətdə mütərəqqi və humanist yanaşmaları özündə əks etdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Həmçinin belə şəxslərin həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə, hələ tam formalaşmamış fizioloji xüsusiyyətlərinə uyğun olmayan işlərə cəlb edilmələri qanunla qadağandır.

Tədbir zamanı yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri, bu təbəqədən olan işçilər üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan əlavə təminat və güzəştlər, eləcə də onların əmək-peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər diqqətə çatdırılıb. Uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla birgə gördüyü işlər barədə məlumat verilib, Xidmətin əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirlərinə də xüsusi önəm verdiyi vurğulanıb.

Tədbirdə müəllim və şagirdlərin müvafiq mövzuda sualları da cavablandırılıb.

loading...