Zara və Bershka mağazası Bakı şoppinq festivalına əngəl yaradır

Oktyabrın 15-dən başlamış ikinci Bakı şoppinq festivalı noyabrın 15-dək davam edəcək. SİA-nın verdiyi məlumata görə, bu, artıq ikinci festivaldır. Birinci tədbir bu ilin aprel-may aylarında keçirilib. Bu festivalda paytaxtın və regionların sakinləri, o cümlədən ölkəmizə gələn turistlər həvəslə iştirak edirlər. Təbii ki, bu tədbir ölkəmizə turist axınının güclənməsində müəyyən rol oynayır. Təsadüfi deyil ki, 2016-cı ilin 8 ayına nisbətən bu il ölkəmizə 1 milyon 818 min çox turist gəlib. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən illə nisbətdə iki dəfə artım deməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən İkinci Bakı Şopinq Festivalında paytaxt sakinləri və qonaqlar üçün bir ay müddətində müvafiq şou-proqramlarla yanaşı, müxtəlif satış-yarmarkaları təşkil ediləcək.

Festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirəcək festivalın ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axını başlayıb. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalır. Budəfəki festivalda həm ziyarət, həm ticarət ənənəsində bir sıra yeniliklər də olacaq.

Məsələ burasındadır ki, dünyanın bir çox ölkəsində bu cür tədbirlər vaxtaşırı keçirilir və əsasən turizm sənayesinin inkişafına xidmət edir. Festivalda mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim olunur. Ümumilikdə isə ikinci Şopinq Festivalına 578 müəssisə qatılıb ki, bunlardan da 111-i tərəfdaş qismində çıxış edir.

Şoping Festivalların turistləri cəlb etməsinin başlıca səbəbi burada məhsulların alışında əhəmiyyətli endirimlərin olması və alış-veriş mərkəzlərində müştərilərin geniş ampluada məlumatlandırılmasıdır. Bu məlumatlar əslində, festival ölkəsinin tarixi, mədəniyyəti, folkloru, adət-ənənəsi və sairə özəllikləri ilə bağlıdır. Yəni, turistlər alış-verişlə yanaşı dünyagörüşlərini zənginləşdirir, əylənir və istirahət edirlər. Bu işdə tşkilatçıların hazırladıqları zəngin mədəni proqramlar mühüm rol oynayır. Həm də bu festivallar zamanı ölkəyə gəlmək və getmək proseduru xeyli dərəcədə asanlaşdırılır və turistlərin vaxtına qənaət olunmaqla yanaşı, onların rahat səyahəti də təmin edilir. Məsələn, İkinci Bakı Şopinq Festivalı üçün xüsusi turist paketləri hazırlanıb. Turizm agentliklərinə təklif edilmiş bu paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazana, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edirlər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunur. Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərir. “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri alırlar.

Bütün bu güzəştlər isə turistlərin diqqətini cəlb edir. Ölkəyə gələn turistlərin sayının artırılmasında bu tip tədbirlərin rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bu və digər səbəblərdən Azərbaycanın turizm sənayesi gənc və perspektivli sahə kimi ölkə iqtisadiyyatının dinamik inkişaf edən qoluna çevrilməkdədir. Əminliklə demək olar ki, İkinci Bakı Şopinq Festivalının da bu işdə əzünəməxsus yeri olacaq.

Amma çox təəssüflər olsun ki, bəzən bu kimi mühüm əhəmiyyətli festivallara xələl gətirməyə çalışan mağazalar da az deyil. Məsələn, şəhərimizdə fəaliyyət göstərən Zara və Bershka kimi mağazalar şəbəkəsi əvvəlcə festivala qoşulduqlarını bildirərək insanları endirim kampaniyalarına cəlb etsələr də, bir neçə gündən sonra nədənsə festivalda iştirakdan imtina ediblər.

Bu qəribə davranış sosial şəbəkələrdə böyük qınaq obyektinə çevrilib. Məsələyə aydınlıq gətirmək üçün mağazalar şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxladıq. Telefonlarımıza cavab verilmədiyindən, yollandıq həmin məkana. Bizə müəssisənin rəhbəri Emin müəllimin yerində olmadığını və onunla ancaq mobil telefon və email vasitəsilə əlaqə saxlamağın mümkünlüyünü dedilər. Emin bəyin telefonuna nə qədər zəng vursaq da, zəngimiz cavabsız qaldı. SƏS Media Qrupu olaraq suallarımızı onun elektron ünvanına yollamaq qərarına gəldik.

Məsələ araşdırılacaq.

Müəllif: Ceyhun Rasimoğlu
loading...