“Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, 3 bölmə və 7 fəsildən ibarətdir. Dərslik Azərbaycan universitetləri və eyni zamanda, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Mərasimdə Kamal Abdulla və Etibar Nəcəfov çıxış edərək “Azərbaycan multikulturalizmi” fənninin artıq Azərbaycanın və xarici ölkələrin onlarla universitetlərində tədrisinin bütün dünyaya nümunə olmasından danışıblar. Qeyd edilib ki, fənnin uğurlar tədris olunmasının əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsini qoyub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb. Bu dərslik Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç bölmədən olan dərslikdə Azərbaycan multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən onun formalaşmasının obyektiv və subyektiv səbəbləri, tarixi təkamülü, ədəbi-bədii, elmi-fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, ictimai şüurun müxtəlif formalarında inikası, Azərbaycanın daxili və xarici siyasətində təzahürləri təhlil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə