Sabiq müsavatçılar kimi suçlayırlar? İTTİHAMLAR

Hədəfdə Arif Hacılı və İsa Qəmbərdir

Müsavat partiyası rəhbərliyinin adının miqrant alveri, çirkli pulların yuyulması və s. məsələlərdə hallanması artıq bur neçə gündür ki, çoxsaylı müzakirələrə səbəb olmaqdadır. Əsasən, bir çoxları Arif Hacılını əsas hədəf kimi götürərək, partiyanın Avropadakı fəaliyyətindəki sui-istifadələri - saxta arayışların verilməsi və s. məsələləri pisləyir, onun istefasını tələb edirlər.

Tural Abbaslı: “Bizim qaldırdığımız səsləri öz qıt təfəkkürləri ilə yanlış analiz edib üzərimizə gəlirdilər”

SİA xəbər verir ki, Ağ Partiyanın sədri, keçmiş Müsavat funksioneri Tural Abbaslı cərəyan edən hadisələrlə bağlı bildirib ki, Müsavat və müsavatçılıq kimi kəlmələrin insan alveri, miqrant qalmaqalı, çirkli pulların yuyulması, casusluq kimi ifadələrlə bir arada işlənməsi utancvericidir. “...Bu gün sübut olunur ki, biz o zaman tam haqlı idik”, deyə xatırladan T.Abbaslı mövzunu partiyanın 2014-cü ildə baş vermiş qalmaqallı və istefalarla nəticələnmiş qurultayına da yönəldib. “Düşünürəm ki, zamanında istər partiya daxilində, istərsə də ictimai-siyasi sektorda bizim dediklərimizə qulaq verilsəydi, partiya bu vəziyyətdə olmazdı. Zamanında bəziləri bizim qaldırdığımız səsləri öz qıt təfəkkürləri ilə yanlış analiz edib üzərimizə gəlirdilər”, sabiq müsavatçı bildirib və A.Hacılıya eyham vuraraq, “Heç kim düşünməməlidir ki, Müsavat onların şəxsi mülkləridir” fikri ilə qarşı tərəfi ittiham edib.

İlham İsmayıl: “Arif Hacılının özü cavabdehdir”

Müsavatın sabiq divan üzvü İlham İsmayıl bildirib ki, əgər irəli sürülən ittihamlar təsdiqini tapacaqsa, A.Hacılının istefa verməkdən başqa yolu qalmayacaq. “

“Sübut olunsa ki, partiya başqanı saxta arayışlar verib, o zaman Arif Hacılının özü cavabdehdir. Amma istənilən halda təəssüfedici hallar partiyada var”, deyə o baş verənlərdən təəssüf hissi keçirdiyini gizlətməyib. Bu amil isə isbat edir ki, partiya daxilində həqiqətən də kəskin qarşıdurmalar, qruplaşma maraqları uğrunda çarpışmalar baş verir. A.Hacılı isə nə bu, nə də digər problemləri həll edə bilmək iqtidarında deyil. Daha dəqiq desək, miqrant alveri, mühacir biznesi və s. kimi faktların ifşası onun vəziyyətini qəlizləşdirib və dalana dirəyib.

Akif Nağı: “Bu vəziyyətin yaranmasında İsa Qəmbərin də günahı var”

Digər sabiq divan üzvü, hazırda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da A.Hacılının başqanı olduğu partiyanın belə bir çirkin olaylarda adının hallanmasından təəssüf və hiddət hissi keçirdiyini bildirib və qeyd edib ki, bu gün

Müsavat gündəmdə qalmaq uğrunda çarpışır. Lakin digər ittihamçılardan fərqli olaraq, A.Nağı Müsavatın belə bir duruma düşməsində keçmiş başqan İsa Qəmbərin də günahının az olmadığını etiraf edib. “Bu vəziyyətin yaranmasında İsa Qəmbərin yanlış qərarlarını, həmçinin bir sıra funksionerlərin səhv olaraq partiyadan uzaqlaşmasının təsirini həlledici hesab edirəm”, A.Nağı bildirib.

Beləliklə, bütün işarələr bilavasitə A.Hacılının istefasına doğru yönəlib və belə davam edəcəyi halda, Müsavat başqanının hələ ki, üzüsulu şəkildə kreslosunu tərk etməyə vaxtı var.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...