Müxalifət anti-Azərbaycan fəaliyyətini bir daha təsdiq etdi

"Daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib". Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov "SİA"-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, bir müddət bundan öncə, "Milli Şura" Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 8 oktyabr tarixində şəhər administrasiyasının qarşısında 50 nəfərin iştirakı ilə piket keçirməsinə icazə istəmişdi. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasında "Sərbəst Toplaşmaq Azadlığı haqqında" Qanunu və ölkəmizdə toplaşmaq azadlığını, söz və fikir azadlığını əldə rəhbər tutaraq müraciətə müsbət cavab vermiş, icazəli piket keçirilməsinə razılığını ifadə etmişdi: "Lakin təəssüflər olsun ki, həmişəki ampluasında olan radikal müxalifət və onun "Milli Şura"sı, dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edərək, icazəli piketi qanunsuz kütləvi mitinqə çevirməyə cəhd göstərmiş, müraciətdə nəzərdə tutulmayan şüarlar səsləndirmiş, bununla da, əsl məkrli niyyətini bir daha ortaya qoymuşdur. Budəfəki piket də əvvəlkilərdən heç nə ilə fərqlənməmiş, əslində isə, müxalifətin radikal və qeyri-sivil mübarizə üsullarından xəbər vermişdir. Bəs bu ilin 19 oktyabr tarixində Bakının mərkəzində nə baş verdi? Radikal müxalifətin əvvəlki şouları yenidən təkrarlandı. Bu dəfə, daha da həyasızcasına. Belə ki, "Milli Şura" və onun başbilənləri Azərbaycanın siyasi tarixində öz qəti radikallığı ilə seçilən Əli Kərimlinin təsiri ilə Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi ilə bağlı müraciət etdilər. İcra hakimiyyəti onlara mitinq keçirmək üçün təhlükəsiz, insanların gediş-gəlişinə mane olmayacaq bir yeri - Lökbatan qəsəbəsindəki stadionu təklif etdi. Lakin radikal müxalifət nə etdi?! Dövlət qurumunun bu müraciətini və razılığını nəzərə almayaraq, yenidən sabitliyin pozulmasına yönəlmiş addımlar atmaqda davam etdi. Lökbatan qəsəbəsindəki stadiona getməkdən imtina edərək, məhdud sayda olan tərəfdarlarını, cəmiyyəti hakimiyyətə qarşı itaətsizliyə, qeyri-qanuni hərəkətlərə və iğtişaşlara əl atmağa səslədi. İmtinasına isə, Lökbatanın uzaqda yerləşdiyini və oraya gediş-gəlişin çətinliyini bəhanə gətirdi. Azğınlaşdığını bir daha əməli ilə sübut etdi. İndi müxalifətin nümayəndələri və onlara züy tutanlar deyirlər ki, guya 19 oktyabrda rayonlardan Bakıya mitinqə gələnlərin qarşısı alınıb, onlara maneçilik törədilib. Bəs onda hardadır sadə məntiq? Necə olur ki, rayonlardan avtobusla Bakıya mitinqə gələ bilirlər? Əgər belədirsə, rayonlardan gediş-gəlişə ən yaxın və rahat ərazi olan Lökbatan qəsəbəsindəki mitinqdən nə üçün imtina edildi? Bununla, Ə.Kərimli və onun əlaltılar özləri-özlərini təkzib etmiş oldu. Nəticədə, "Milli Şura" və onların xarici havadarları yenidən qızıb, Azərbaycanda daxili xaos yaratmağa cəhdlər edərək, əhalinin sıx olduğu, ən çox dincəldiyi, iri metro stansiyasının, ticarət mərkəzlərinin yerləşdiyi ərazidə - "28 May" metrostansiyası ətrafında icazəsiz mitinq keçirəcəkləri ilə bağlı məlumatlar verməyə və əhaliyə qeyri-qanuni çağırışlar etməyə başladılar. Təəssüflər olsun ki, bu gərgin dünyada geosiyasi proseslərin getdiyi bir vaxtda öz dövlətinin müstəqilliyinə, təhlükəsizliyinə təhdidlər yağdıran və daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib. Bununla da, öz şəxsi ambisiyaları uğrunda milli maraqlarını qurban verməkdən belə çəkinmirlər. Narahatedici məqamlardan biri də budur ki, həmin radikallar müəyən sosial problemləri olan şəxslərin hissləri ilə oyanayaraq, onların iradəsindən də sui-istifadə etmiş, onların icazəsiz mitinqdə iştirakına şərait yaradaraq, qanunsuz əməllərinin çevrəsini daha da genişləndirmişlər. Radikal müxalifətə və onların havadarlarına, xüsusilə, xatırlatmaq lazımdır ki, sərbəst toplaşmaq, söz azadlığı anarxiya demək deyil. Bu gün ölkəmizdə 55 siyasi partiya dövlət qeydiyyatından keçib və onların fəaliyyətinə tam şərait yaradılıb. Bu demokratiya deyilsə, bəs nədir?!

Dövləti maraqlarını heçə sayan, vəzifə hərisliyi ilə xarici maraqlı qüvvələrin qoltuğuna sığınan Ə.Kərimli və onun virtual dəstəkçiləri Sevinc Osmanqızı, Tural Sadıqlı və Qənimət Zahid öz əməlləri ilə özlərini Azərbaycanın tarixi zibilliyində basdırmaqda davam edirlər. Azərbaycan xalqı onların məkrli əməllərini hər zaman lənətlə xatırlayacaqdır. Təəssüf doğuran daha bir məqam isə, Avropa İttifaqı və ABŞ-ın icazəsiz mitinqlə bağlı bəyanat verərək, qanunsuz mitinqlərə bu və ya digər formada haqq qazandırması, bununla da, digər strateji tərəfdaş ölkənin daxili işlərinə qarışmağın çox pis nümunəsini ortaya qoymuş oldu. Ancaq bildirmək yerinə düşər ki, ABŞ və Avropa ölkələrində mitinqlər və kütləvi nümayişlər zamanı polislərin qəddarlığı və qeyri-insani hərəkətləri daha dözülməzdir. Bunlarla müqayisədə isə, Azərbaycan polisi daha etik və daha sivildir. ABŞ və Avropa İttifaqı yaxşı olardı ki, "ədalətli" mövqeyini həmin ölkələrdə baş verənlərə münasibət bildirməklə ortaya qoysun. Hər kəs bilsin ki, Azərbaycan hüquqi-demokrat dövlətdir, müstəqil respublikadır və müstəqil siyasət yürüdən Azərbaycan xalqının iradəsinə uyğun olaraq, öz taleyini özü həll edir. Bu hadisələrə laqeyd qalmaq qəti yolverilməzdir. Heç bir xarici dövlət Azərbaycanın daxili işinə qarışa bilməz. Bu ölkədə qanunun aliliyi təmin edilir və hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşıyır. Azərbaycanın müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə qarşı çıxmış hər kəs qanun qarşısında öz layiqli cavabını alacaqdır. Azərbaycan inkişaf etmiş bir dövlətdir və onun dünyada yüksək nüfuz sahibi olan siyasi Lideri var. Cənab İlham Əliyev prezident seçkiləri ərəfəsində, prezident seçildikdən sonra və andiçmə mərasimi zamanı səsləndirdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, mənim siyasətimin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu fikri əməli ilə sübut edən dövlət başçısı son bir il yarım vaxtda kifayət qədər mühüm sosial-iqtisadi islahtalar həyata keçirib. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, əhalinin sosial rifahının daha da yüksəldiləcəyi ilə bağlı verdiyi bütün vədlər yerinə yetirilməklə bərabər, bu islahatların davamlı olması xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Azərbaycan güclü dövlətdir, onun güclü Lideri var və Azərbaycanda sarsılmayan güclü xalq və iqtidar birliyi mövcuddur".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...