"Hər kəs hədəflərə nail olmaq üçün əlindən gələni etməlidir" RƏY-ÖZƏL

“Dövlət başçısı tərəfindən keçirilən müşavirələrdə əldə edilən uğurlarla yanaşı, həllini gözləyən məqamlara toxunulur, yol verilən nöqsanlarla, məmur bürokratiyası ilə bağlı məsələlərlə əlaqədar birmənalı mövqe ortaya qoyulur. Lakin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə dövlət başçısı xüsusilə, islahatlar prosesinə mane olan və olmağa çalışan qüvvələrlə bağlı daha sərt danışaraq, ciddi xəbərdarlıq etdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O bildirib ki, dövlət başçısı müşavirədə çıxışı zamanı bu gün iqtidarda olan bəzi şəxslərin islahatlara qarşı çıxdığını konkret şəkildə bəyan etdi: “Dövlət başçısı söylədi ki, aparılan və uğurla davam etdirilən islahatlar onların şəxsi maraqlarına toxunur. Eyni zamanda “Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Ölkə başçısı vurğuladı ki, əgər kimsə bununla barışacağımızı hesab edirsə, səhv edir, çünki islahatlara alternativ yoxdur”.

E. Səlimov söyləyib ki, əgər bu mesajlardan, xəbərdarlıqlardan nəticə çıxarılmasa, həmin şəxslər layiqli şəkildə cəzalandırlacaq, iqtidarla birdəfəlik yollarını ayırmaq məcburiyyətində qalacaqlar: “Çünki doğrudan da, əgər Azərbaycanın, dövlətimizin inkişafını, tərəqqini, çiçəklənməsini, imzalar içində növbəti dəfə imzalarını atmasını, dünya siyasətindəki yerini və rolunu daha möhkəmləndirməsini istəyiriksə, islahatlar prosesinin genişlənməsində, dərinləşməsində, bütün sahələrə sirayət etməsində maraqlı və iştirakçı olmalıyıq”.

Deputat qeyd edib ki, hər kəs öz müsbət işi ilə hədəflərə nail olmaq üçün əlindən gələni əsirgəməməli, gedən müsbət proseslərə töhfəsini verməyə çalışmalıdır: “Onsuz da bu proses geridönməz və qarşısıalınmaz bir prosesə, hərəkata çevrilib. Kimsə bu prosesi yarımçıq saxlada, durdura bilməz. Çünki bu prosesdə Azərbaycan dövlətinin, ən əsası dövlət başçısının qətiyyəti, iradəsi ortadıdır. Hər kəs birdəfəlik bilsin və dərk etsin ki, islahatlar prosesi gedir, getməkdədir və bundan sonra da gedəcək”.

Son doqquz ayın sosial-iqtisadi göstəricilərinə toxunan E. Səlimov qeyd edib ki, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması ölkəmizdə şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verdiyini bir daha sübut edir: “Bununla yanaşı, qeyri-neft sənayemizin 15 faiz, kənd təsərrüfatında ciddi irəliləyişlərin, xarici dövlət borcumuzun aşağı səviyyədə olması mühüm göstəricilərdir.

Deputat əlavə edib ki, ən önəmli məqamlardan biri əhalinin gəlirlərinin inflyasiyanı üstələməsidir: “İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi proqnoz, makro-iqtisadi proqnoz nəzərə alınıb vəhəmin proqnoza görə növbəti ildə 4,6 faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bunun özü də müsbət bir məqamdır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır və bu yolda da arxaya baxmadan, sapmadan, dayanmadan öz hədəflərinə doğru inamla, qətiyyətlə, əzmlə irəliləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə