"Müstəqil inkişafımız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başladı" MÖVQE-ÖZƏL

“1991-ci ilin 18 oktyabr tarixi Azərbaycanın 1918-ci ildə əldə etdiyi lakin sonradan düşmənlər tərəfinən əlindən alındığı müstəqilliyi yenidən bərpa etdi. Artıq 28 ildir ki, Azərbaycan müstəqil dövlət kimi mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, müstəqilliyin sevincini duymaq, müstəqillik sualına cavab vermək, müstəqil dövlət kimi yaşayıb, yaratmağa, inkişaf etməyə nail olmaq sözün həqiqi mənasında sevindiricidir.

Deputat söyləyib ki, Azərbaycanda müstəqilliyin bütün dəyərləri, inkişaf və azadlıq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra başladı: “Ümummilli liderin çox dəyərli fikri var. Ulu öndər deyərdi ki, müstəqilliyi qazanmaq asandır, lakin ən çətini onu qorumaqdır”.

E. Məmmədov vurğulayıb ki, Dahi şəxsiyyətin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və daha genişləndirilmiş şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanır, əbədiləşir, möhkəmlənir.

Deputat qeyd edib ki, bu gün Azərbaycan müstəqil dövlət kimi ən mühüm nailiyyətlər əldə edir və bundan sonra da qazanmaqda davam edəcək: “Mən müstəqilliyimizin əbədi, ölkəmizin güclü və gündən-günə çiçəklənməsini arzu edirəm. İnanıram ki, xalqımız tezliklə Dağlıq Qarabağ münaqişəsinin işğaldan azad olunması sevincini yaşayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə