Hadı Rəcəbli: “Mən belə işlərdə daha çox kömək edən insanam” ÖZƏL

Millət vəkilinin "Rusiyadakı sığorta fondu vətəndaşın ödədiyi vəsaiti Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna köçürsün” fikri bəzi media qurumları tərəfindən təhrif olunub

“İclasda passiv sosial müdafiə ilə bağlı Prezident İlham Əliyevin Azərbaycanda atdığı addımlardan danışdıq”. Bu fikirləri SİA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcənli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərinin ictimaiyyət tərəfindən düzgün anlaşılmadığını bildirərkən deyib.

Millət vəkili təəssüflə bildirib ki, onun budəfəki çıxışı da bəzi media qurumları tərəfindən yanlış təqdim olunub. Belə ki, sözügedən iclasda dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması ilə bağlı danışdığını qeyd edən Hadı Rəcəbli fikirlərini belə izah edib ki, Rusiyada çalışan vətəndaş orada müvafiq quruma sığorta haqqı ödəyir. SİTAT: “Belə şəxslər qeydiyyatdan çıxaraq Azərbaycana gəldikdə, onların Rusiyada ödədikləri sığorta haqqı ölkəmizdə hesablanmır. Bu baxımdan, ikitərəfli sazişdə də qeyd olunub ki, Rusiyadakı sığorta fondu vətəndaşın ödədiyi vəsaiti Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna köçürsün”.

Hadı Rəcəbli həmin iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin və Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin də həmin mövzuya toxunduqlarını deyərək qeyd edib ki, bu gün onun fikirləri ətrafında yayılan informasiyalar həqiqəti əks etdirmir.

“Yazırlar ki, Hadi Rəcəbli Rusiyada işləyən vətəndaşların sığorta haqqını Azərbaycana ödəməli olduqlarını deyir. Lakin fakt budur ki, mən belə bir ifadə işlətməmişəm”, deyə vurğulayan millət vəkili əlavə edib ki, bəzi media qurumları tərəfindən informasiyanın qərəzli şəkildə ictimailəşdirilməsi çaşqınlıq yaradır və əslində, o millət vəkili olaraq çətin və ağır işlərlə məşğul olur.

“Mən belə işlərdə daha çox kömək edən insanam”, Milli Məclisin komitə sədri vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...