"Bir addım irəli, üç addım geri” addımlayan Ermənistan

Ermənistanın 2019-cu ilin yanvar-avqust ayları üçün makroiqtisadi göstəricilər açıqlanıb və inkişafın olmaması iqtisadiyyatın depresiyaya uğradığını göstərir. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, iqtisadçı Qrant Baqratyan özünün Facebook səhifəsində yazıb.
Keçmiş baş nazirin sözlərinə görə “inqilabi” iqtisadi modeldən söhbət belə gedə bilməz. Məlumatda vurğulanır ki, Baqratyan öz səhifəsində bunu, "Bir addım irəli, üç addım geri” başlıqlı yazı ilə qeyd edib. O, xüsusilə qeyd edib ki, real iqtisadi artımdan söhbət gedə bilməz və ÜDM-nin 9 ay ərzindəki göstəricilər əksinə, azalmadan xəbər verir.
Qrant Baqratyan çəkinmədən yazır ki, Amulsar yarağında da indi filizin çox hissəsi qazıldığından, "inqilab" dan sonra ən böyük korrupsiya və talanın olduğu məlum olur. O, qeyd edir ki, bir sıra sahələrdə statistika açıq-aşkar saxtalaşdırılır və bu artıq iqtisadiyyat yox, bədii janrdır.
Keçmiş baş nazir Qrant Baqratyan xüsusilə diqqətə çatdırır ki, investisiya, mühacirət, müqayisəli ixrac qiymətləri, ölkədən kapitalın ixracı və s. ilə bağlı rəqəmlər Ermənistan hakimiyyəti tərəfindən ümumiyyətlə açıqlanmır. Təbii ki, hər halda yaxşılaşmalar olsaydı, onlar dərhal dərc edilərdi və açıqlanardı. Bütün bu azalmaların fonunda cinayətkarlıq mühitinin genişləndiyini yazan keçmiş baş nazir, çinayət hadisələrinin 6,8%, mülkiyyətlə bağlı cinayətlərin 19,4%, qətl hadisələrinin isə 18% ardığını qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə