"Sosial şəbəkənin imkanları heç də mütərəqqi məqsədlərə xidmət etmir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, sosial şəbəkələr qərb dünyasının əlində müxtəlif ölkələrin daxili işlərinə məqsədli proseslər yaratmaq, hərəkatlar törətmək məqsədilə həm də ixtira olunmuş bir şəbəkədir. Heç də bütün hallarda qərb dünyası tərəfindən sosial şəbəkənin imkanları yaxşı və mütərəqqi məqsədlərə xidmət etmir. Bəzən ölkələrin daxili işlərinə müdaxilə üçün bu çox təsirli və ziyanlı bir silaha çevrilib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Çox təəssüflər olsun ki, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da sosial şəbəkələrə böyük və kütləvi maraq yaranan ilkin mərhələdə də onun imkanlarından müxtəlif cür istifadə etmək meylləri əmələ gəldi. Məsələn, bildiyiniz kimi bir sıra küçə kateqoriyasına aid olan adamlar bunun imkanlarından sui-istifadə edərək insanların şəxsi həyatına müdaxilə etməyə başladılar. Amma çox ciddi və əhəmiyyətli bir kəsim də var ki, sosial şəbəkənin imkanlarından həqiqətən mütərəqqi iqtisadi, siyasi və ictimai məqsədlər üçün istifadə edirlər. Bu gün mən radikal müxalifətin də sosial şəbəkənin imkanlarından eyni ilə bayaq dediyim qüvvələr kimi neqativ və mürtəce müstəvidə istifadə notları görürəm. Çünki onlar sosial şəbəkənin imkanlarından daha mütərəqqi və təsirli formada istifadə etmək imkanlarına malik olduqları halda bunu ən pis niyyətlərin, ən pis platformaların və bir çox hallarda isə qeyri-etik və dağıdıcı platformaların təbliğinə yönəldirlər. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq (radikal müxalifət və ya qeyri-etik qüvvələr) onların sosial şəbəkənin imkanlarından bu cür sui-istifadə etməsi düzgün deyil. Bu əslində onların özlərinin cəmiyyətdə nüfuzlarını zədələyir"-deyə, A.Quliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...