Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir

Son vaxtlar Ermənistanın siyasi elitasının başı Cermuk şəhəri yaxınlığındakı Amulsar qızıl mədəni ətrafında baş verən hadisələrə qarışıb. SİA-nın verdiyi məlumata görə, yerli sakinlərin və mədəndə çalışan çoxsaylı fəhlənin etirazları ilk baxışda sosial problemlərdən qaynaqlanırmış kimi təqdim olunsa da burada siyasi məsələlər daha qabarıq görünür. Bəs bu mədən ətrafında nə baş verir?

Siyasi hakimiyyət Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir. Ona görə də bu mədənin tezliklə fəaliyyətə başlamasında maraqlıdır. Müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri isə bununla razılaşmır. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir.

Xəbər verilir ki, Ermənistandakı Amerika Ticarət Palatası Amulsar yatağını inkişaf etdirən və Palatanın üzvü olan "Lidian Armenia" şirkəti ətrafında baş verən hadisələrlə əlaqədar bir bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Palata 2000-ci ildə qurulmuş və hazırda Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sektorlarında təmsil olunan, 140 yerli və ya xarici şirkət tərəfindən təmsil olunan inkişaf etmiş bir iş birliyidir. Həmçinin bəyanatda o da deyilir ki, Ermənistanda daxili və xarici sərmayələri təşviq etmək və əlverişli biznes mühitinin formalaşdırılması Palatanın missiyasıdır. Sərmayələrə ədalətli və qanuni münasibət yalnız investisiya şirkətləri üçün deyil, həm də Ermənistan iqtisadiyyatının inkişafı və xalqın rifahı üçün son dərəcə vacibdir. Məhz bu əsasda Palata 13 ay ərzində Amulsarla bağlı ikinci bir açıqlama verməyə məcbur olub.

Bəyanat müəllifləri Lidiana qarşı kampaniyanın biznes maraqlarını həyata keçirən xüsusi tərəflər tərəfindən maliyyələşdirildiyini söyləyən Paşinyana özünün dediklərini də xatırladırlar və qeyd olunur ki, bu cür iddiaların araşdırılacağına ümid edirlər.

Bəyanatda o da vurğulanır ki, Palata, Amulsar ətrafındakı sağlam olmayan vəziyyətin mənfi təsirindən də narahatdır. Bunlar Ermənistanın investisiya cəlbediciliyini azaldacaq potensial investorlara şübhəsiz mənfi mesajlardır.

Palata xəbərdarlıq edir ki, Amulsar layihəsinin daha da gecikməsi prosesi daha da ağırlaşdıracaq və işgüzar mühitə təsir göstərərək son nəticədə Ermənistanın investisiya cəlbediciliyini ləğv edəcək uzunmüddətli bir xarakter əldə edə bilər. Məhz buna görə də baş naziri problemi ən qısa müddətdə və ədalətli şəkildə həll etməyə çağırırlar.

Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Daşnaksütun partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim Mənim Addımım Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Müxalif Çiçəklənən Ermənistan partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə Amulsar qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib.

Parlamentin digər qrupu olan İşıqlı Ermənistan partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahtlığını bölüşdüyünü qeyd edib. Radikal Sasna Tser partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə Amulsar layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın, onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib.

Amma məsələnin digər tərəfi də var. Həm Ermənistan, həm də Rusiya mətbuatı Amulsar mədəni ətrafında baş verənləri Rusiyaya qarşı yönəlmiş addım kimi xarakterizə edirlər. Qeyd edilir ki, layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsinə hesablanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...