"ABŞ həmişə öz maraqlarına uyğun qərarlar qəbul edir" ÖZƏL-MÜNASİBƏT

"ABŞ Konqresinin Qarabağ münaqişəsi ilə bağlı edilən iki düzəlişi ermənilərin könlünü almaqdan başqa bir şey hesab etmirəm. Bu düzəlişləri ABŞ Konqresində təsir gücünə malik ermənipərəst konqresmenlərin qərarı hesab edirəm". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

"Çox təəssüf ki, ABŞ Konqresinin qərarlarında belə hallar mövcuddur. Amma bu düzəlişlərin heç bir məntiqi əsasını görmürəm. Birincisi ona görə ki, ABŞ Azərbaycana silah satmır və qadağa ilə bağlı düzəliş boş bir siyasi addımdır. Azərbaycan ordusunda dünyanın müasir və ən güclü dağıdıcı gücə malik silahlar var ki, əlavə olaraq ABŞ-dan da silahların alınmasına ehtiyac yoxdur. İkincisi isə ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağda hər hansı bir lakatorun quraşdırılması Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Ona görə də bu düzəliş də məntiqsiz hesab edirəm. Sonda onu da qeyd etmək istəyirəm ki, ABŞ Konqresi gündə bir qərar qəbul edir və sonra o qərarlarda düzəlişlər edərək dəyişir. Ola bilsin ki, bir müddətdən sonra həmin iki düzəlişdə də yenidən düzəliş edilsin. Çünki, ABŞ həmişə öz maraqlarına uyğun qərarlar qəbul edir. Ermənistan isə ABŞ-ın marağında deyil və ola da bilməz"-deyə, A.Badamov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə