Paşinyan söz və mətbuat azadlığına qarşı

Hakimiyyət yüksək tribunalardan Ermənistanda azad söz və mətbuat azadlığı barədə bəyanatlar verir, amma faktlar tamamilə əksini deyir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Jurnalistlər Birliyinin sədri Satik Seyranyan jurnalistlərlə söhbətində deyib.

Məlumata görə, o qeyd edib ki, hazırda mətbuata qarşı 90-dan çox iddia qaldırılıb və bu vaxta qədər belə bir şey heç zaman olmayıb.

“Hər bir dövrdə hakimiyyət söz azadlığına qarşı müəyyən tədbirlər görüb. Biz jurnalistlərə qarşı təzyiqlər və sair də görmüşük. Lakin biz gözləyirdik ki, bizim həmkarımız Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra mətbuata tamam başqa yanaşma nümayiş etdirəcək. Amma əfsus ki, o da hakimiyyətin tərzi hərəkətinə uyğunlaşdı və eyni ruhda da davam edir”-deyə Seyranyan bildirib.

Jurnalistlər İttifaqının sədri vurğulayıb ki, yüksək səviyyəli beynəlxalq tribunalarda hakimiyyət orqanları Ermənistanda görünməmiş söz və mətbuat azadlığının olduğunu elan edirlər, amma faktlar tamamilə başqa şeydən xəbər verir və bunun əksini təsdiq edir.

Seyranyanın sözlərinə görə, söz və mətbuat azadlığına edilən bu hücumlar təkcə mətbuat və media üçün deyil, həm də ictimaiyyət və siyasətçilər üçün bir işarə, bir siqnal olmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...