"Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir” ÖZƏL-MÜNASİBƏT

“Prezident hələ keçən ilin aprel ayındakı seçkidən sonra çox geniş islahatlar paketinin həyata keçiriləcəyini, xüsusilə də sosialyönümlü ciddi addımların atılacağını demişdi. 2019-cu ilin fevralında Prezidentin imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı və yaşayış minimumu ilə eyniləşdirildi. İndi isə Prezidentin yeni Sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılaraq 180 manatdan 250 manata qaldırıldı”. Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, il ərzində fevral ayından indiyə kimi iki dəfə minimum əməkhaqqı yüksəlmiş oldu: “Beləliklə, əhalinin alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB ölkələri arasında 2-ci yerə yüksəlmiş oldu. Bu, çox ciddi nailiyyətdir və Azərbaycanda əhalinin rifahı üçün atılmış böyük addımdır. Eyni zamanda, minimum aylıq əməkhaqqının 250 manata qaldırılması bu tarif cədvəlində qrafalar üzrə maaşların artımını təmin edəcək. Bu artım bütün sahələrdə öz əksini tapacaq”.

E.Nəsirov əlavə edib ki, vətəndaşların sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb: "Bu addımlar Azərbaycanda vətəndaşların yaşayış tərzinin, onların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Eyni zamanda, yaxın günlərdə dövlət başçısının bu istiqamətdə yeni addımlarının şahidi olacağıq. Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu, bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan fundamental səbəb xalq-hakimiyyət birliyidir. Prezidentin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...