Erməni analitikləri həyəcan təbili çalırlar ANALİTİK

Rozi Mikaelyan: “İran-ABŞ, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi halında biz dörd tərəfdən blokadaya düşə bilərik”

ABŞ-İran və Gürcüstan-Rusiya münasibətlərində gərginlik həddinin bütün şkalaları anidən aşması və belə bir vəziyyətin regiona hansı təsirlər göstərə biləcəyi ətrafında daha çox təlaş keçirən tərəf Ermənistandır. Belə ki, sözügedən situasiya bu ölkənin onsuz da ağır və böhranlı vəziyyətini daha da dərinləşdirir, xüsusilə iqtisadi və s. cəhətdən məhvolma tendensiyasını qabardır. Əbəs deyil ki, sözügedən məsələlər kontekstində Ermənistanın siyasi ictimaiyyətində, o cümlədən KİV çevrələrində son günlər ən çox müzakirə mövzusu da məhz budur.

Belə ki, iyunun 24-də Nikol Paşinyanın rəhbərliyi ilə təhlükəsizlik şurasının növbəti iclası keçirilib və erməni baş nazir bu ifadələri səsləndirib. SİTAT: “Ermənistanın təhlükəsizliyi sferası ətrafındakı vəziyyət nəinki inkişaf etməyə başlayıb, əksinə bizim regionda müəyyən proseslər gedir ki, onlar bizi təhlükəsizlik məsələlərində daha diqqətli olmağa vadar edir”.

“Protokol bəyanatı xətrinə diqqətli olmaq çağırışından əlavə, konkret addımlar atmaq lazımdır”

Bu arada, Ermənistanın analitikləri, politoloqları, o cümlədən, siyasi texnoloqları da müəyyən fikir və proqnozlarını irəli sürməklə, son vəziyyətin həqiqətən də ermənilər üçün ürəkaçan olmadığını etiraf edirlər. Misal üçün, analitik Rozi Mikaelyan qeyd edib ki, bəli, diqqətli olmaq lazımdır. SİA xəbər verir ki, o sözügedən fikirlərini aysor.am saytının jurnalisti ilə söhbətində deyib. SİTAT: “Heç kimə sirr deyil ki, Ermənistanın iki sərhəddi bağlıdır və təsəvvürə gətirmək də çətin deyil ki, İran-ABŞ, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsində biz dörd tərəfdən blokadaya düşə bilərik. Lakin protokol bəyanatı xətrinə diqqətli olmaq çağırışından əlavə, konkret addımlar atmaq lazımdır. Ancaq son zamanlar baş nazirin bəyanatlarından da gördüyümüz kimi, həmin bəyanatlar suallara cavab vermir, əksinə yeni sualların yaranmasına şərait yaradır. Ardıcıllıqla belə bir sual yaranır: bəs hazırkı istiqamətdə hansı addımlar atılır?”

Erməni analitiki Paşinyana təklif də ünvanlayıb. Belə ki, o, müxtəlif kanallarla münaqişə tərəfləri ilə konsultasiyalar aparmaq fikrini irəli sürüb. Onun sözlərinə görə, ilk növbədə müttəfiq ölkəylə - Rusiya ilə başlamaq olar. Çünki təhlükə baş verərkən, məhz müttəfiqin dəstəyinə ümid etmək lazımdır.

Rozi Mikaelyan təkliflər irəli sürsə də, özü-özünü aldatdığını yaxşı bilir

Lakin siyasi analitk Rozi Mikaelyan bəlkə də, bu məsələdəki fikrini, təklifini irəli sürdüyü zaman özü də öz sözlərinə inanmayıb. Daha dəqiq desək, Nikol Paşinyanın Rusiyanın dövlət rəhbərlikləri qarşısındakı nüfuzunun demək olar ki, olmaması, Ermənistanda anti-Rusiya meyllərinin saxlanılması, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələblərinin vaxtaşırı olaraq səsləndirilməsi və s. kimi faktlar əslində, adıçəkilən analitikin gerçəklik tərəfdən çıxış etməsi məsələsində də suallar doğurmaqdadır. Bu baxımdan, hətta onun təklifi nəzərə alınarsa belə, Rusiya heç vaxt müttəfiq adı altındakı vassalı Ermənistanın milli təhlükəsizliyini öz siyasi reputasiyasından üstün tutmaz və tutmur da. Ona görə də, Rozi Mikaelyanın proqnozları sadəcə utopiya xarakteri kimi qiymətləndirilə bilər.

Türkiyə və Azərbaycan faktoru da erməniləri qorxudur

Yaxud, o sadəcə, özü-özünü aldatmaqla, yaxud təskinlik verməklə məşğuldur. Problem isə necə deyərlər, qalmaqda, hətta inkişaf etməkdə davam edir. Ancaq Gürcüstan tərəfi ilə də Ermənistanın vəziyyəti ürəkaçan deyil. Erməni analitiki deyir ki, bu məsələdə də işləmək lazımdır. “Yerindəcə anlamaq lazımdır, bu məsələdən Türkiyə və Azərbaycan hansı səmərələri götürə bilərlər”, deyə o narahatlığını gizlətməyib. Çünki Gürcüstanın istər iqtisadi, istərsə də digər məsələlərdə ən yaxın strateji tərəfdaşları məhz Türkiyə və Azərbaycandır və bu ölkələrin hesabına gürcülər ayaqda qalmağı, hətta inkişaf etməyi bacarıblar.

Mikaelyan həmçinin ABŞ və İranla da konsultasiyaların aparılması vacibliyini deyib və Ermənistan üçün təhlükənin hazırda da qaldığını bildirib. Lakin bu ölkələrin də cılız, iqtisadiyyatı və digər sferaları olmayan Ermənistanın xeyrinə öz maraqlarını dəyişəcəklərini düşünmək sadəlöhvlük olardı. Düzdür, bu gün İran Ermənistana nəfəs borusu rolunu oynayır, amma bu borunun uzunmüddətli olacağını kimsə sığortalamayıb. Yəni ABŞ İrana qarşı münasibətini müharibə vəziyyətinə qədər inkişaf etdirərsə, bu məsələdə Ermənistan sadəcə blokadaya düşəcək və bağlanmış sərhədlər ortasında can verməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə