"Rusiya və ABŞ Ermənistanı konstruktivliyə məcbur etməlidir" AÇIQLAMA-ÖZƏL

“Moskva görüşü bir sıra məqamlarla yadda qaldı. Bildiyiniz kimi Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Ermənistan tərəfindən 2, Azərbaycan tərəfindən də əsasən 2 məsələnin üzərində dayanıldığını qeyd etdi. Ermənistan tərəfinndən status və təhlükəsizlik, Azərbaycanın üzərində dayandığı məsələlər isə ərazilərimizin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtması məsələsi idi. Bu məsələlər əslində deyildi. Çünki, yenilənmiş Madrid Prinsipləri üzrə artıq bu istiqamətdə uzun illərdir ki, müzakirələr aparılır. Amma bu məsələlərin yenidən müzakirə olunması hesab edirəm ki, Moskva görüşün daha da yadda qalan etdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, budəfəki görüşdə nisbətən yeni qaldırılan məsələ cəbhə bölgəsində təsərrüfat fəaliyyəti məşğul olan zaman şərtlərə əməl edilməsi idi: “Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi heç zaman bu məsələyə zərər gətirəcək addım atmayıb. Ermənilər həmişə atəşkəsi pozaraq müxtəlif təhlükələr yaradıblar. Bu baxımdan hesab edirəm ki, işğalçı ölkə razılaşmaya əməl etməlidir”.

Politoloq söyləyib ki, lakin əsas məsələ Azərbaycan tərəfinin üzərində durduğu ərazilərimizin işğaldan azad edilməsidir ki, bizi maraqlandıran məqam bununla bağlı Ermənistan tərəfinin atacağı addımlardır: “Ümid edirəm ki, Rusiya münaqişənin həlli istiqamətində təşəbbüskarlığını artırmaqla yanaşı regionda təsir edən ölkə kimi Ermənistana təzyiqlərini artırmaq imkanı vardır. Bildiyiniz Moskva görüşündən sonra növbəti görüşün ABŞ-da keçirilməsi planlaşdırılır. Burada müəyyən suallar yaranır. Görəsən Moskvanın ardınca ABŞ-da görüşün keçirilməsi ilə bağlı qərarın verilməsi bu iki ölkə arasında geosiyasi mübarizə deyilki? Biz ümid edirik ki, bu belə deyil. Çünki, həm Rusiya, həm də ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir və münaqişənin həlli istiqamətində onların ayrı-ayrılıqda təşəbbüslə çıxış etməsi təqdirə layiqdir. Amma bu gün hər ikisinin əsas mövqeyi Ermənistanın münaqişənin həllinə iman verəcək konstruktiv davranış nümayiş etdirməsi olmalıdır. Bunun yolu isə Ermənistana təzyiqlər edilməsidir”.

E. Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın baş naziri, müdafiə naziri, ayrı-ayrı vətəndaş cəmiyyətinin nümayəndələri, analitiklər özlərinə çox aqressiv aparırlar: “Yəni Azərbaycan Prezidenti, rəsmiləri ilə görüş zamanı başqa davranış, görüşdən sonra isə tamamilə başqa davranış və bəyanatlar göstərirlər. Bu baxımdan hesab edirəm ki, Ermənistanın imitasiya xarakterli davranışlarına son qoyulmalıdır. Bu baxımdan Rusiya və ABŞ malik olduqları təsir rıçaklarından istifadə edərək Ermənistanı konstruktiv yola məcbur etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...