Kaliforniyada Novruz bayramı keçirilib FOTOLAR

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı 15-16 mart 2019-cu il tarixlərində Kaliforniyanın San Dieqo şəhərində təntənə ilə qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə San Dieqonun tanınmış Cafe 21 məkanında keçirilib. Bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. K.Məmmədova həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib.

Novruz şənliyinin keçirilməsində dəstəyə görə Baş Konsulluğa və Cafe 21-in sahibləri Lalə və İmran Cavadova və digər icma üzvlərinə təşəkkürünü bildirən K.Məmmədova icraçı direktoru olduğu CAFA təşkilatının gələcəkdə də bu kimi tədbirlərin keçirilməsini davam etdirəcəyini vurğulayıb.

Tədbir tanınmış tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...