Əfv olunanlar sevinclərini SİA ilə bölüşdülər - FOTOREPORTAJ

Azərbaycanda əfv siyasətinin əsasını Ümumilli Lider Heydər Əliyev qoyub. Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə dəfələrlə amnistiya aktları qəbul edilib, əfv sərəncamları imzalanıb. Qürurverici haldır ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Prezidentin martın 16-da imzaladığı əfv sərəncamı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi. Ən əsası, bu Sərəncam Azərbaycanın hüquqi demokratik dövlət olduğunu, humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi. Əfv olunan şəxslər öz sevinclərini SİA ilə bölüşüblər.

Əfv olunan şəxs Tamara Məmmədova: “Mən 1946-cı ildə anadan olmuşam. Allah sizin gələn ayaqlarınızı var etsin. Çünki sizlər bizi yada salıb bura gəlmisiniz. Möhtərəm Prezidentimiz və onun ailəsi hər zaman var olsun ki, bizləri bağışladı və azadlığa buraxdı. Qoy, içəridə qalan məhkumlara da Allah bir yol açsın. Biz Prezidentin əfvlə bağlı sərəncamını gözləyirdik. Azad olunacağım xəbərini eşidən kimi isə sevincimin həddi-hüdudu yox idi. Mənim həbsdən azad olunmağıma düz iki il qalmışdı”.

Əfv olunan şəxs Təranə Abbasova: “Allah Prezidentimizə, onun xanımı birinci vitse-prezident Mehriban xanım Əliyevaya can sağlığı versin. Dövlət başçımız Qarabağ müharibəsində iştirak etdiyimə görə məni əfv etdi və bir balama qovuşdurdu. Onların qarşıdan gələn Novruz bayramlarını təbrik edirəm. Mən 2015-ci ildə narkotik üstündə həbs olunmuşdum. Övladım və nəvəm var. Bugünkü gün mənim ən sevincli günümdü. Allah heç kimin yolunu həbsxanaya salmasın”.

Əfv olunan şəxs Sevinc Mollayeva: “Əfv olunacağımı heç cür gözləmirdim. Çünki inanmırdım. İlk dəfə idi ki, qadın həbsxanasından 25 nəfər azadlığa buraxılır. Prezidentimizə təşəkkürümü bildirirəm və ailəsini qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. İnşAllah bu sərəncamlar tez-tez imzalanar və qarşıda böyük bir amnistiya aktı olar. Törətdiyim əməldən çox peşman idim. Çünki oğurluq üstündə həbs olunmuşdum”.

Əfv olunan şəxs Elxan Həsənov: “Prezidentə və onun ailəsinə öz təşəkkürümü bildirirəm. Bu bayram günü biz ikiqat sevinc yaşadıq. Allah həbsdə olan şəxslərin hər birinə azadlıq qismət eləsin. Hamıya çoxlu duamız vardır. 12 il müddətinə həbs olunmuşdum”.

Əfv olunan şəxs Fərhad Xəlilov: “Mənim 12 il cəzam vardı. Çox sevincliyəm. Azad olmaq çox yaxşı bir şeydir. Çünki Allah insanı azad yaradıb. Biz həbsdə olarkən valideyinlərimiz çox əziyyət çəkirdi. Əgər onlar sevinirsə, bu sevinc bizə də sirayət edir”.

Əfv olunan şəxs Səbuhi Həsənli: “Cənab Prezident İlham Əliyev məni bağışladığına görə bütün dustaqlar və valideyinlərimizin adından təşəkkürümü bildirirəm. Artıq mən Novruz bayramını öz evimdə qeyd edəcəm. Bu bayram münasibətilə də Prezidentimizi, ailəsini və xalqımızı ürəkdən təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə